Bu günlərdə Hollandiyanın Groningen şəhərində dünyanın ən nüfuzlu tələbə elmi tədbirlərindən biri – ISCOMS (International Student Congress Of (bio) Medical Sciences) konqresi keçirilib. Bu beynəlxalq tədbirdə 55 ölkədən 653 iştirakçı bir araya gələrək tibb və biotibb sahəsində elmi araşdırmalarını təqdim edib, ideya və təcrübə mübadiləsi aparıb.
ISCOMS yalnız elmi bir konfrans deyil – tələbələrin təşkil etdiyi, tələbələr üçün nəzərdə tutulmuş və elmi araşdırmaları təşviq edən qeyri-kommersiya təşkilatıdır. Konqresin builki mövzusu “Harmonious healthcare” – “Ahəngdar səhiyyə” adlanırdı. Mövzu qlobal səhiyyə problemlərinin həllində beynəlxalq əməkdaşlığın rolunu əks etdirməyi məqsəd qoymuşdu.
Konqres çərçivəsində dünyaca məşhur alimlərin – professorlar Peter Hegemann, Hans Clevers, Svetlana Mojsov, David Huang və Awa Marie Coll-Seck kimi mütəxəssislərin açar məruzələri təqdim olunub.
Azərbaycan Tibb Universitetini təmsil edən nümayəndə heyəti də konqresdə uğurla iştirak edib. Universitetin nümayəndəsi olaraq konqresdə Tibb və sağlamlıq elmləri təhsili kafedrasının baş müəllimi, II Müalicə-profilaktika fakültəsinin dekan müavini Bənövşə Hüseynova “Teletibb vasitəsilə həkimlər arası və həkim-pasiyent arası ünsiyyət” araşdırma mövzusu ilə çıxış edib. II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Fəridə Ağayarlı “Süd vəzi xərçəngində androgen reseptorlarının ifadəsinin proqnostik rolu: Azərbaycan kohortundan baxış” mövzusu ilə sözlü təqdimatla, V kurs tələbəsi Selcan İsmayılova “COVİD-19 pandemiyası zamanı monitor istifadəsinin artması ilə bağlı məktəblilər arasında miopiyanın proqressivləşməsinin öyrənilməsi” və IV kurs tələbəsi Aygün Məhərrəmova “Xronik obstruktiv ağciyər xəstəliyi və ağciyər vərəmi: bronxodilator terapiyanın müqayisəli analizi” mövzularında poster təqdimatlarla çıxış ediblər.
Əlavə olaraq, F.Ağayarlı “Hamiləlik dövründə şəkərli diabetin dölün mədəaltı vəzi inkişafına təsiri” adlı layihəsi ilə ISCOMS-un Tədqiqat Təqaüdü Proqramına (Research Fellowship) seçilib. Bu tədqiqat təqaüdü üçün dünya üzrə 24 tələbə seçilib və Fəridə onlardan biri olaraq bu proqram çərçivəsində Hollandiyada elmi tədqiqatını aparmaq imkanı əldə edib.
Konqresdə praktiki seminarlar (workshoplar), Pre-course Day və digər inkişaf yönümlü proqramlar da təşkil olunub. İştirakçılarımızdan B.Hüseynova “Təməl həyat dəstəyi”, S.İsmayılova “Cihazla perfuziya” və “Plastik cərrahiyyə: toxuma genişləndiriciləri necə işləyir?”, A.Məhərrəmova “Bağırsaq anastomozu” və “Plastik cərrahiyyə: Toxuma genişləndiriciləri necə işləyir?”, Simge Kıran isə “Ürəyin cərrahi anatomiyası və atrial fibrilasiyanın invaziv müalicəsi” adlı praktiki seminarlarda aktiv iştirak ediblər.
Eyni zamanda F.Ağayarlı və S.Kıran konqresdə ISCOMS səfiri kimi də çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinin iştirakı konqresdə böyük maraq doğurub, təqdim olunan elmi işlər aktuallıq və elmi yanaşma baxımından yüksək qiymətləndirilib.
Bu cür beynəlxalq tədbirlər həm ölkəmizin elmi potensialını nümayiş etdirir, həm də tələbələrə yeni üfüqlər açır.