İyunun 12-15-də Becici şəhərində 2-ci EPA-UNEPSA (Avropa Pediatriya Assosiasiyası-Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqı) Avropa Pediatriyasının Aktual Mövzuları konqresi və 4-cü Monteneqro Beynəlxalq Profilaktik Pediatriya Konqresi keçirilib
Konqresdə 50-dən çox ölkədən pediatriya qurumları, ekspertlər və təcrübəçilər pediatriya, profilaktik tibb və ictimai səhiyyədə ən müasir mövzuları araşdırmaq üçün bir araya gəlib. İştirakçılar plenar iclaslarda, interaktiv seminarlarda və poster təqdimatlarında geniş spektrli innovativ mövzular - probiyotiklərin perspektivləri, peyvəndlər, uşaqların psixi sağlamlığına dair yeni çağırışlar, xroniki qeyri-infeksion xəstəliklərin yaranmasının ilkin patofizyoloji mexanizmləri, neonatologiya, endokrinologiya, pediatriyada təcili yardım, allerqologiya, immunologiya və digər mövzularda çıxış ediblər.
Tədbirin əsas məqsədi yeni konsepsiya və konkret mövzu üzrə müasir tədris və öyrənmə üsullarına əsaslanmaqla, interaktiv öyrənməni dəstəkləyən metodologiyadan istifadə edərək mühazirələr, sual-cavab sessiyası, master-klass və praktiki seminar vasitəsilə pediatrlara və bu sahədə mütəxəsislərə klinik sübut və praktiki təhsilə dair bilgilər vermək olub.
Konqresdə ölkəmizi təmsil edən Azərbaycan Pediatrlar Assosiasiyasının nümayəndələri, Azərbaycan Tibb Universitetinin alimləri – APA-nın sədri, t.ü.f.d., dosent Təranə Tağı-zadə (qrup rəhbəri), təşkilati işlər üzrə ekspert Kamran Muradov, t.ü.f.d., dosent Gülnarə İbrahimova, t.ü.f.d., dosent Sulduz Əhmədova, t.ü.f.d., dosent Ülviyyə Hacıyeva, t.ü.f.d., dosent Aytəkin Adilova, t.ü.f.d., dosent Fəxriyyə Məmmədova, t.ü.f.d., dosent Lalə Hidayətova, t.ü.f.d., dosent Könül Cəfərova və assistent Gülnarə Kərimova məruzə və poster təqdimatlarla çıxışlarında ölkəmizdə uşaq sağlamlığı sahəsində aparılan mühüm elmi-tədqiqat işlərini və müasir yanaşmaları beynəlxalq auditoriyanın diqqətinə çatdırıblar.
Bioetika təhsilinin Azərbaycan Tibb Universitetində formalaşması və tətbiq sahələrindən bəhs edən təqdimatda müasir tibdə bioetikanın artan əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu sahə həkim-pasiyent münasibətlərinin mənəvi və hüquqi aspektlərinin dərk olunmasında mühüm rol oynayır. Təqdimatda bioetika fənninin tədrisi, fənlərarası inteqrasiyalar və gələcək həkimlərin etik davranış baxımından formalaşdırılması istiqamətində görülən işlər təhlil olunub.
Qripli uşaqlarda erkən diaqnostika və adekvat müalicənin ağırlaşmaların qarşısını almaqdakı roluna həsr olunmuş təqdimatda isə vurğulanıb ki, xüsusilə kiçik yaş qruplarında qrip fəsadlara yol aça bilər. Xəstəliyin ilkin simptomlarından başlayaraq laborator diaqnostikanın və antiviral terapiyanın vaxtında aparılması pnevmoniya və bronxiolit kimi ağırlaşmaların qarşısını almaqda mühüm əhəmiyyət daşıyır.
Azərbaycanı təmsil edən alimlər beynəlxalq tədbirdə fəal iştiraklarına görə rəsmi sertifikatlarla təltif edilərək yüksək dəyərləndiriliblər. Nümayəndə heyətinin fəallığı həm elmi cəhətdən maraq doğurub, həm də ölkəmizin pediatriya sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirib.
Qeyd edək ki, konqresin uğurla təşkili və faydalı əməkdaşlıq mühitinin yaradılmasında göstərdikləri dəstəyə görə Beynəlxalq Pediatrlar Assosiasiyasının (IPA) prezidenti, professor Jozef Haddad, EPA-UNEPSA-nın prezidenti professor Massimo Pettoello Mantovani və professor Mehmet Vurala Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, t.ü.f.d., dosent Təranə Tağı-zadə tərəfindən təşəkkür ünvanlanıb.