Böyük Elmi Şurada Dövlət Attestasiya Komissiyasının sədrləri hesabat verib

Rektor, professor Gəray Gəraybəyli fakültələr üzrə sədrlərə imtahanları uğurla başa çatdırdıqları üçün təşəkkür edib 

ATU-nun Böyük Elmi Şurasının 2024/2025-ci tədris ilində sonuncu iclası iyunun 25-də Nabranda yerləşən "Təbib" İstirahət Mərkəzində keçirilib. Toplantını giriş nitqi ilə açan rektor, professor Gəray Gəraybəyli hər tədris ilinin sonuncu Elmi Şurasının burada keçirilməsinin həm də rəmzi məna daşıdığını deyib. 

Rektor 2016-cı ildə bu istirahət mərkəzinin Tibb Universitetinin balansından çıxarılmasına cəhdlər olduğunu, o vaxt Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra məsələnin yoluna qoyulduğunu söyləyib, öz adından və çoxminli universitet kollektivi adından ona minnətdarlığını bildirib. G.Gəraybəyli giriş nitqində "Times Higher Education Impact Rankings" reytinqində mühüm irəliləyş əldə edən universitetimizin gələn il dünya reytinqinin minliyinə daxil olacağına əminliyini də vurğulayıb və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Bundan sonra Azərbaycan Tibb Universiteti üzrə 2024/2025-ci tədris ilində Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatları dinlənilib və gənc mütəxəssislərin hazırlanması işinin daha da yaxşılaşdırılması üçün universitet kollektivinin vəzifələri müzakirə olunub.

Buraxılış Dövlət Attestasiya Komissiyasının I Müalicə-profilaktika fakültəsi üzrə sədr müavini, professor Aytən Məmmədbəyli, II Müalicə-profilaktika fakültəsi üzrə sədri, Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, t.е.d. Fuad Quliyev, Hərbi tibb fakültəsi üzrə sədr müavini, tibb xidməti polkovniki Qismət Hətəmov, Stomatologiya fakültəsinin yekun qiymətləndirmə üzrə komissiya sədri, fakültə dekanı dosent Elmira Əliyeva, İctimai səhiyyə fakültəsinin tibbi-profilaktika ixtisası üzrə komissiyasının sədr müavini, professor İbadulla Ağayev və həmin fakültənin tibb bacısı işi, fizioterapiya və tibbi reabilitasiya, ictimai səhiyyə ixtisasları üzrə yekun qiymətləndirmə komissiyasının sədri, fakültə dekanı dosent Qalina Qəniyeva, Əczaçılıq fakültəsinin bakalavr pilləsində yekun qiymətləndirmə üzrə komissiyanın sədri, fakültə dekanı dosent Fərəh Mədətli hesabat məruzəsi ilə çıxış ediblər.

Hesabatlarda Yekun Dövlət Attestasiya İmtahanlarının nəticələri öz əksini tapıb. Belə ki,  I və II Müalicə-profilaktika fakültələrində Yekun Dövlət Attestasiyası "Cərrahi xəstəliklər”, “Mamalıq və ginekologiya”  və “Daxili xəstəliklər” ixtisasları üzrə aparılıb. Hər üç ixtisas üzrə beynəlxalq standartlara uyğun olaraq Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) ötən ildəki kimi, Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Simulyasiya Mərkəzində baş tutub. Müvafiq ixtisasların nəzəri hissələri isə İmtahan Mərkəzində keçirilib və sonda hər fənn üzrə bacarıq imtahanı ilə test imtahanlarının nəticələri toplanaraq tələbənin imtahan nəticəsi müvafiq qaydada 100 ballıq sistemlə qiymətləndirilib.

O da bildirilib ki, artıq bu ildən Stomatologiya, Əczaçılıq və İctimai səhiyyə fakültələrinin sonuncu kurslarında sonuncu imtahanlar testlə deyil, şifahi şəkildə aparılır və bu yenilik tələbələr tərəfindən razılıqla qarşılanır.

Bu il “İctimai səhiyyə” ixtisası üzrə ilk buraxılışın olduğu bildirilib. Həmçinin qeyd olunub ki, hər istehsalat təcrübəsinin yekun qiymətləndirməsi bu il yeni formatda və 2 mərhələdə, yəni 50 ballıq şifahi imtahan və 50 ballıq OSKİ/OSPİ formasında aparılıb.

Stomatologiya fakültəsində yekun qiymətləndirmə imtahanlarının nəticələri və gedişatı haqqında da şura üzvlərinə məlumat verilib. Fakültədə yekun qiymətləndirilmə imtahanlarının 2 mərhələdə keçirilildiyi, hər iki mərhələdə (nəzəri və təcrübi) tələbələrin minimum 17, maksimum 50 bal ilə qiymətləndirildiyi vurğulanıb.

Hərbi tibb fakültəsində tədris planında nəzərdə tutulmuş imtahan və məqbulları verdiklərinə görə 48 nəfər kursant "Hərbi həkim işi" ixtisası üzrə Buraxılış Dövlət imtahanlarına, Hərbi feldşer hazırlığı kursunun 45 nəfər kursantı isə təhsil proqramı ilə müəyyən edilmiş təcrübənin qiymətləndirilməsinə buraxılıb.

Dövlət Attestasiya Komissiyasının və yardımçı komissiyaların tərkibi əsas etibarilə idarəetmə orqanlarının rəisləri, tibb xidmətinin aparıcı mütəxəssisləri, Hərbi tibb fakültəsinin professor-müəllim heyəti sırasından peşəkar zabit və qulluqçulardan təyin olunub, imtahanlar müvəffəqiyyətlə aparılıb, şikayət və narazılıqlar olmayıb.

Əczaçılıq fakültəsinin bakalavr pilləsi üzrə 2024/2025-ci tədris ilində yekun qiymətləndirilmə prosesi istehsalat təcrübələrinin nəticələrinə əsasən aparılıb. Bu mərhələdə qiymətləndirmə aptekdə, xəstəxana aptekində və əczaçılıq sənayesində istehsalat təcrübələri olmaqla üç əsas istiqamət üzrə həyata keçirilib. Bakalavr pilləsi üzrə ümumilikdə 95 nəfər (56 yerli və 39 əcnəbi tələbə) buraxılış imtahanlarını müvəffəqiyyətlə başa vuraraq "əczaçı-bakalavr" adı almağa layiq görülüb.

Hesabatlarda bütün fakültələr üzrə yekun imtahanların ümumi mənzərəsi öz əksini tapıb. Eyni zamanda buraxılışa dair statistik məlumatlar, o cümlədən fərqlənmə diplomuna layiq görülən tələbələrin statistikası açıqlanıb.

Komissiya sədrləri qeyd ediblər ki, Buraxılış Dövlət imtahanları mövcud əsasnaməyə uyğun olaraq problemsiz, şəffaf şəkildə aparılıb və burada nəzərdə tutulan bütün qaydalara əməl olunub. İmtahanların rahat və şəffaf aparılması üçün yaradılan şəraitə görə universitetin rəhbərliyinə, şəxsən ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürlərini bildirən komissiya sədrləri, eyni zamanda fakültə dekanlarının da imtahan prosesindəki aktiv fəaliyyətlərini yüksək qiymətləndiriblər. Onlar imtahanların gedişi zamanı heç bir neqativ hadisənin baş vermədiyini diqqətə çatdırıblar.

Hesabat çıxışlarına yekun vuran rektor Gəray Gəraybəyli fakültələr üzrə sədrlərə imtahanları uğurla başa çatdırdıqları üçün təşəkkürünü bildirib.

Hesabatlar yekunlaşdıqdan sonra gündəlikdə duran digər məsələlərə baxılıb.

2025/2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetinin tədris planlarını və iş planını təsdiqləyən Elmi Şura əcnəbi təhsilalanların müsahibəsi üçün nəzərdə tutulmuş ödənişin 70 dollardan 100 dollara qaldırılması, ATU-nun büdcədənkənar vəsaiti hesabına Tədris Terapevtik Klinikaya yardım edilməsi, Patoloji anatomiya kafedrasının adının dəyişdirilərək “Patologiya” kimi adlandırılması barədə məsələlərə də münasibət bildirib. Eyni zamanda İctimai səhiyyə fakültəsinin nəzdində fəaliyyət göstərən Ağciyər xəstəlikləri kafedrasının II Müalicə-profilaktika fakültəsinin tabeliyinə, II Müalicə-profilaktika fakültəsinin nəzdində fəaliyyət göstərən Tibbi və bioloji fizika kafedrasının isə İctimai səhiyyə fakültəsinin tabeliyinə verilməsi qərara alınıb. Həmçinin Azərbaycan Tibb Universitetinin dünya reytinqlərində daha yüksək mövqe tutması və beynəlxalq standartlara uyğun inkişaf etməsi məqsədilə İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin nəzdində ictimai əsaslarla SDG (Sustainable Development Goals – Dayanıqlı İnkişaf Məqsədləri) klubunun yaradılmasını məqbul sayılıb. Bundan əlavə, “Beynəlmiləlləşmə sahəsində yaxın və orta müddətli hədəflərə müvafiq Strateji Fəaliyyət Planı (2025-2030)”, ATU-ya institusional akrreditasiyanın verdiyi tövsiyələrin icrası məqsədilə hazırlanmış sənədlər təsdiqlənib. Daha sonra “Azərbaycan Tibb Universitetinin Jurnalı”nda məqalələrin qəbulunun ödəniş məbləğinin müəyyən edilməsini təsdiqləyən Elmi Şura, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış metodik vəsaitlər və Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən hazırlanmış kitabın, dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə razılıq verməklə öz işini yekunlaşdırıb.

Növbəti tədris ilində universitetdə bir sıra yeniliklərin olacağını nəzərə çatdıran rektor, professor G.Gəraybəyli ATU-nun çoxminli kollektivinə tətil dövründə mənalı istirahət arzulayıb.