ATU-nun şöbə müdiri Çində beynəlxalq tədbirlərdə iştirak edib

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patologiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Çin Xalq Respublikasının Şenyanq şəhərində yerləşən Çin Tibb Universitetinin əsas təşkilatçılığı ilə keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Tibb Təhsili Alyansının (BRIMEA) İdarə Heyətinin iclasında və BRIMEA 2025 Təhsil Konfransında iştirak edib. 

Təhsil konfransında əməkdaşımız “Patologiyanın tədrisində innovativ qiymətləndirmə strategiyaları” mövzusunda əsas məruzə ilə çıxış edib. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Tədbir çərçivəsində M.Orucov Çin Tibb Universitetinin prezidenti, professor Wang Zhenninglə görüşüb. Görüş zamanı o, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin salamlarını və konfrans münasibətilə təbriklərini çatdırıb, hər iki universitet arasında BRIMEA çərçivəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bundan əlavə, o, Şanxay şəhərində keçirilən “Şanxay Lin-qanq Beynəlxalq Tibb Texnologiyası Əməkdaşlıq Konfransı”nda iştirak edib. Konfrans çərçivəsində M.Orucov Şanxay Lin-qanq Sənaye Universitetinin Tibbi avadanlıqlar fakültəsinin “Qonaq professor”u seçilib. 

Şanxaya səfəri zamanı əməkdaşımız dünya miqyasında tanınan radioloji avadanlıqlar istehsalçısı “United Imaging” zavodunu, həmçinin Fudan Universitetinin Pudonq Xəstəxanasını ziyarət edib.