Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Türk Neonatoloji Cəmiyyətinə rəhbər üzv seçilib

 

Bu günlərdə Türk Neonatoloji Cəmiyyətinin 32-ci toplantısı baş tutub. Tədbirdə İcraiyyə Şurasının üzvlüyünə seçkilər keçirilib. Nəticələrə əsasən, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri, I Uşaq xəstəlikləri kafedrasının assistenti Sərxan Elbəyiyev Azərbaycandan cəmiyyətə üzv seçilib.

Türk Neonatoloji Cəmiyyəti neonatal dövrdə baş verən xəstəliklərin qarşısının alınması (neonatal dövr – həyatın ilk ayında), körpə ölümlərini azaltmaq üçün diaqnostika və müalicədə effektiv monitorinq, bu sahədə çalışan tibb işçilərinin peşə inkişafını sürətləndirmək və ümumiyyətlə bu istiqamətdə cəmiyyətin məlumatlılığını artırmaq məqsədi ilə yaradılmış qeyri-hökumət təşkilatıdır. 1989-cu ildə Hacettepe Universitetində "Neonatoloji cəmiyyət" adı ilə qurulan dərnək, bu günədək bir çox təhsil fəaliyyətləri həyata keçirib, o cümlədən nəşrləri və üzərinə götürdüyü vəzifələr sayəsində sosial sahədə ön plana çıxır.