Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi arasında qurulan əməkdaşlıq çərçivəsində stomatoloji xidmətlərin daha geniş əhali qrupları üçün əlçatanlığını təmin etmək və ağız-diş sağlamlığı sahəsində maarifləndirməni genişləndirmək məqsədilə silsilə səyyar tibbi aksiyalar həyata keçirilib.
Xəbər verdiyimiz kimi, iyun ayının birinci yarısında 1 və 2 saylı Uşaq evlərində, sonra isə 3 saylı Uşaq evində və Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində keçirilən aksiyalar zamanı klinikanın əsas həkim heyəti və rezident həkimlərinin iştirakı ilə ilkin stomatoloji müayinələr və gigiyenik maarifləndirmə işləri aparılıb, ağız-diş sağlamlığına dair fərdi tövsiyələr verilib.
Uşaqların müayinəsi zamanı diqqət əsasən kariyes, diş əti xəstəlikləri, diş sırası qüsurları və ortodontik problemlərin erkən aşkarlanmasına yönəldilib. Aşkarlanan hallar qeydiyyata alınmaqla, müvafiq müalicə tədbirlərinin təşkili üçün ilkin proseslərə başlanılıb.
Ahıl şəxslərin müayinəsində isə parodont problemləri, diş itkisi, çeynəmə funksiyasının pozulması və protez ehtiyacları diqqət mərkəzində olub. Müayinə nəticəsində müəyyən edilən hallar əsasında fərdi müalicə planlarının hazırlanması istiqamətində ilkin addımlar atılıb.
Bu humanitar təşəbbüs bir daha göstərir ki, profilaktik stomatoloji yanaşmalar və erkən diaqnostika gələcəkdə ciddi ağız-diş problemlərinin qarşısının alınmasında mühüm amildir.
ATU Tədris Stomatoloji Klinikasının rəhbərliyi gələcəkdə də bu kimi sosial layihələri davam etdirməklə, stomatoloji xidmətlərin cəmiyyətin bütün təbəqələri üçün əlçatanlığına nail olmağı və ümumi sağlamlıq savadlılığını artırmaq istiqamətində fəaliyyətini daha da gücləndirməyi hədəfləyir.