Əməkdaşımız yüksək idman statusuna layiq görülüb

 

Bolqarıstanın Burqas şəhərində Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının seminarı keçirilib. Seminarda Azərbaycan Tibb Universitetinin “Təbib” Tədris-İdman Mərkəzinin müdiri, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov da iştirak edib. 14 ölkədən 300 nəfərin təmsil olunduğu beynəlxalq tədbirə təşkilatın prezidenti Kaiço Hatsuo Royama rəhbərlik edib.

Q.Aslanovun verdiyi açıqlamaya görə, 6 gün ərzində səhər-axşam təlim məşqləri keçirilib: “Səhərlər stadionda, meşədə, dənizdə, axşamlar isə zal və stadionda məşqlər oldu. Məşqlər başa çatdıqdan sonra dərəcə imtahanları verdik. Mən də  Şihan (usta) adı almaq üçün lazımi normativləri yerinə yetirdim. Nəticə uğurlu alındı və 5-ci dan qara kəmər dərəcəsinə, Şihan statusuna layiq görüldüm.

Məlumat üçün bildirim ki, şihan statusu hər idmançıya verilmir. Bunun üçün normativləri yerinə yetirməklə yanaşı, beynəlxalq seminarlara dəvət almalı, iştirak etməlisən, yetirmələrin arasında dan dərəcəsi alanlar, Avropa və dünya çempionları olmalıdır. Mən də beynəlxalq dərəcəli hakiməm, yetirmələrim arasında dünya və Avropa çempionatlarında mükafat qazananalar olub”.

Qeyd edək ki, Q.Aslanov eyni zamanda Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının Azərbaycan üzrə nümayəndəsidir. Mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərdə iştirak edir. O cümlədən bu il sentyabrın 5-7-də Stokholmda keçiriləcək beynəlxalq seminarda təlim məşqləri keçmək, noyabrın 22-23-də isə Tokioda baş tutacaq dünya çempionatında hakim kimi iştirak etmək üçün dəvət alıb.