ATU nümayəndəsi Erasmus+ Əməkdaşlar Həftəsində beynəlxalq təcrübə mübadiləsi aparıb

Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aynur Abduləliyeva Türkiyənin Yeditepe Universitetində keçirilən Erasmus+ Staff Week (Əməkdaşlar Həftəsi) proqramında iştirak edib.

Tədbir Erasmus+ proqramının beynəlxalq tərəfdaşlıq və şəbəkələşmə məqsədini gücləndirmək üçün təşkil olunub və İtaliya, İngiltərə, İspaniya, Portuqaliya, Belçika, Yunanıstan, Xorvatiya və digər ölkələrdən ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib.

Proqram çərçivəsində iştirakçılar universitetlərin beynəlxalq ofislərinin idarə olunması, akademik və inzibati əməkdaşlıq mexanizmləri, mübadilə proqramlarının təşkili və idarə edilməsi, tələbə və müəllim mobilliyi kimi mövzularda geniş təcrübə və fikir mübadiləsi aparıblar. Sessiyalar zamanı həmçinin Erasmus+ layihələrinin yazılması, maliyyələşmə imkanları, beynəlxalqlaşma strategiyaları və mədəni müxtəliflik mövzularında təlimlər keçirilib.

Azərbaycan Tibb Universitetinin nümayəndəsi Aynur Abduləliyeva tədbirdə universiteti layiqincə təmsil edərək iştirakçılarla birbaşa görüşlər keçirib, bir sıra ali məktəblərlə gələcək əməkdaşlıq və akademik mübadilə imkanlarını müzakirə edib. Tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi məqsədilə ATU-nun beynəlxalq əməkdaşlıq strategiyası, tələbə və müəllim mübadiləsi proqramları barədə ətraflı məlumat verib.

ATU rəhbərliyi qeyd edir ki, universitet beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir və Erasmus+ kimi proqramlarda iştirakı qlobal təhsil məkanında mövqeyinin gücləndirilməsi, akademik mühitin beynəlmiləlləşdirilməsi və tələbələr üçün yeni təhsil imkanlarının yaradılması baxımından strateji əhəmiyyətli hesab edir.