Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Türk Daxili Xəstəliklər Uzmanlıq Dərnəyinin VI toplantısı keçirildi. Toplantıdan əvvəl akademik Ə.Əmiraslanov və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevi anaraq, onun universitetdəki büstü qarşısına əklil qoydular.
Toplantını giriş sözü ilə açan akademik Əhliman Əmiraslanov qonaqları salamlayaraq, belə bir möhtəşəm tədbirin Azərbaycan Tibb Universitetində təşkil edilməsi təklifini böyük məmnunluqla qarşıladıqlarınıı söylədi: “Bu tədbir çərçivəsində ölkəmizə təşrif buyuran dəyərli qonaqları, daxili xəstəliklər üzrə mütəxəssislərdən ibarət nümayəndə heyətini Azərbaycan Tibb Universitetində qəbul etməkdən şərəf duyuruq”.
Akademik Ə.Əmiraslanovun sözlərinə görə, son illər Azərbaycanda aparılan uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb təhsili sahəsində də böyük nailiyyətlər əldə edilib: “Cənab Prezident İlham Əliyevin dəstəyi nəticəsində Tibb Universitetinin ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş klinikaları inşa edilərək istifadəyə verilib. Bu inkişaf dövründə Tibb Universitetinin beynəlxalq əlaqələri daha da genişlənib. Xüsusilə, Azərbaycanla qardaş Türkiyə və digər xarici ölkələr arasında tibbin müxtəlif sahələri üzrə elmi və təcrübi əlaqələri möhkəmləndirmək, onları yüksək səviyyədə inkişaf etdirmək, davamlı işbirliyi qurmaq məqsədilə mühüm toplantıların keçirilməsi bir ənənə halını alıb”.
Akademik əlavə edib ki, Tibb Universiteti dəfələrlə beynəlxalq konfranslara, qurultaylara və elmi-praktik seminarlara ev sahibliyi edib.
“Bu möhtəşəm toplantının işinə uğurlar diləyir, tibb elminin inkişafı naminə hər birinizə yeni-yeni uğurlar arzulayıram” – deyə, Ə.Əmiraslanov bildirib.
Daha sonra çıxış edən Türk Daxili Xəstəliklər Uzmanlıq Dərnəyinin İdarə Heyətinin sədri prof. dr. Serhat Ünal Azərbaycanda olduğu üçün sevinc hissi keçirdiyini bildirdi. Onun sözlərinə görə, Türk Daxili Xəstəliklər Uzmanlıq Dərnəyinin I toplantısı 16-17 noyabr 2012-ci ildə Kosovada, II toplantı 6-8 dekabr 2013-cü ildə Makedoniyada, III toplantı 23-24 may 2014-cü ildə Bosniya-Herseqovinada, IV toplantı 4-6 sentyabr 2014-cü ildə Moskvada, V toplantı isə 19-21 sentyabr 2014-cü ildə Belqradda keçirilib: “Dünya ölkələri ilə qarşılıqlı əlaqələri genişləndirmək məqsədi ilə altıncı toplantını məhz qardaş Azərbaycanda, ATU ilə birgə gerçəkləşdirməyi planlaşdırdıq. Ümüdvarıq ki, Bakıda təşkil etdiyimiz bu toplantı hər iki ölkənin tibb sahəsindəki əməkdaşlığını daha da sıxlaşdıracaq”.
Qeyd edək ki, iki gün davam edəcək toplantıya Türkiyədən 90 nəfərədək daxili xəstəliklər üzrə mütəxəssislər qatılıb. Toplantı iştirakçıları şəkərli diabet, qastroezofaqial reflüks, xroniki obstruktiv ağciyər xəstəliyi kimi ən aktual daxili xəstəliklər üzrə məruzələr və fikir mübadiləsi aparacaqlar.