Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində dörd uşağın eşitməsini bərpa etmək məqsədi ilə Koxlear İmplant Əməliyyatları uğurla həyata keçirilib.
Nazir Oqtay Şirəliyevin tapşırığı ilə ilk dörd xəstə bu gün əməliyyat edilib. Sevindirici haldır ki, artıq bu proses dövlət tərəfindən dəstəklənir. Belə ki, əməliyyat zamanı taxılan cihazlar Səhiyyə Nazirliyi tərəfindən təqdim olunur.
“Daxili qulağın protezləşməsi” əməliyyatları sayəsində anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur. ATU-nun Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunub.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman həkim Yusif Hacıyev deyir ki, bu əməliyyatların uğurlu keçməsi üçün əsas şərtlərdən biri xəstələrin mümkün qədər tez - 4 yaşa qədər müraciət etməsidir:
“Hazırda əməliyyat etdiyimiz uşaq 1 yaş 8 aylıqdır. Yəni, biz artıq nitq inkişafının başlanğıcında bu körpəyə implant cihazı taxmış olduq. Bu uşaq artıq heç bir şəkildə o biri uşaqlardan fərqlənməyəcək, danışığı da gecikməyəcək”.
Həkim Y.Hacıyev bütün uşaqların vaxtında eşitmə müayinəsindən keçirilməsini, vaxtında həkimə müraciət etməsinin önəmli olduğunu deyir: “Əgər hər hansı bir narahatçılıq müşahidə olunursa, uşaq vaxtilə hansısa bir ciddi xəstəlik keçiribsə, mütləq eşitmə yoxlanmasından keçmək lazımdır”.
Qeyd edək ki, əməliyyat zamanı eşitməyən uşaqların qulağına implant daxil edilir. Bu da körpələrin rahatlıqla eşitməyə və danışmağa başlamasına kömək edir.