12 sentyabr - Beynəlxalq Miqrenlə Mübarizə Günüdür
Hər il 12 sentyabr - Beynəlxalq Miqrenlə Mübarizə Günü kimi qeyd olunur. Bu tarix xəstəliyin ciddiliyinə diqqət yetirmək və insanların onun nəticələri haqqında məlumatlılığını artırmaq məqsədi daşıyır. Çünki miqren xəstənin təkcə fiziki və psixi vəziyyətinə deyil, həm də işinə, ailəsinə və sosial həyatına təsir göstərir.
Baş ağrıları (BA) əhali arasında çox geniş yayılmış şikayətlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il məlumatına görə, dünyada yetkinlik yaşına çatan əhalinin 47%-i ayda ən azı bir dəfə baş ağrısından əziyyət çəkir. Səhiyyənin ilkin səviyyəsində müraciətlərin 4,4%-i, ambulator nevroloji müraciətlərin isə 30%-i BA ilə bağlıdır.
Baş Ağrılarının Beynəlxalq Təsnifatında 200-dən çox növü qeyd edilir. Ən geniş yayılmış birincili baş ağrılarına miqren, gərginlik BA, klaster BA və bəzi az rast gəlinən birincili baş ağrıları daxildir.
Miqren (lat. hēmicrania fr. migraine, yunan. μικρανία - "başın yarısını əhatə edən baş ağrısı") vaxtaşırı orta və yüksək intensivlikli pulsasiya edən ağrı tutmaları olub, bir neçə saatdan 2-3 günə qədər davam edir və fiziki fəaliyyətlə güclənə bilir. Çox hallarda ürəkbulanma, qusma, işığa, səslərə və qoxulara qarşı yüksək həssaslıqla müşayiət olunur. Miqren ildə bir dəfə və ya hər gün baş verən tutmalarla təzahür edə bilən və əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə itirilməsinə gətirən birincili BA-nın ağır formasının ən geniş yayılmış növüdür. ÜST miqreni 15-44 yaş hədlərində olan qadınlar üçün 20 ən ağır xəstəlik siyahısına daxil edib. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur.
Qlobal Xəstəlik Yükü Araşdırmasına görə, miqren dünyada ən çox yayılmış ikinci nevroloji xəstəlikdir və həyat fəaliyyətini bütün digər nevroloji xəstəliklərdən daha çox məhdudlaşdırır.
Xəstəliyin inkişafı insanın genetik komponenti və ətraf mühit amillərinin məcmusu ilə bağlıdır. İrsiyyətə əlavə olaraq, miqrenin yaranmasına səbəb olan əsas amillər arasında həddindən artıq iş, stress, qidalanma pozuntuları və həyat tərzi, alkoqoldan sui-istifadə mühüm yer tutur. Qadınlarda menstruasiya zamanı xəstəlik şiddətlənə bilər. Hormonal dəyişikliklər də az rol oynamır. Məsələn, yetkinlik yaşına qədər oğlanlar miqrendən qızlardan daha çox əziyyət çəkirlər, yetkin qadınlarda isə miqrenə kişilərə nisbətən 2-3 dəfə sıx rast gəlinir.
Kliniki olaraq miqren, bir sıra simptomlarla təkrarlanan baş ağrısı tutmaları şəklində özünü göstərir. Miqrendən əziyyət çəkən şəxslərin təxminən üçdə birində baş ağrısı bəzən və ya hər zaman miqren aurası adlandırılan keçici nevroloji pozuntulardan sonra meydana gəlir və ya onlarla müşayiət olunur. Bundan əlavə, bu xəstəlikdən əziyyət çəkən insanların az bir qismində tutmaların tez-tez baş verdiyi xroniki miqren yaranır.
Müəyyən amillər miqren tutmasını tətikləyə bilir: isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs-küy, fiziki gərginlik/hərəkət, xronik stress, yuxu pozğunluğu, vaxtsız/pis qidalanma, tütünçəkmə, сinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, dərman amili (nitroqliserin, oral kontraseptivlər, hormonal terapiya, opiat və barbituratlar, nifedipin və s.), qida məhsulları (sitrus meyvələri, tərkibində kofein, nitritlər və aspartam olan qida məhsulları, kifli pendir, şokolad, alkoqol, monosodium qlutamatlı qida məhsulları və s.).
Sürəkli davam edən, müalicəyə çətin tabe olan miqren xəstəliyi insanların psixi sferasına da təsir göstərir. Miqren və psixi pozuntular arasındakı əlaqə çoxsaylı populyasiya tədqiqatlarında yaxşı sənədləşdirilmişdir. Bu tədqiqatların nəticələri miqrenli xəstələrdə depressiya, bipolyar pozuntular, çoxsaylı təşviş pozuntuları, xüsusən də post-travmatik stress pozuntusu riskinin artdığını göstərir. Bu, miqren xəstəliyinin provokasiyaedici səbəbi kimi stress məsələsini qaldırır. Psixiatrik komorbidlik epizodik miqreni olan xəstələrə nisbətən xroniki miqren zamanı daha sıx rast gəlinir. Hətta bir çox prospektiv tədqiqatlar göstərib ki, psixiatrik komorbidlik miqrenin xronizasiyası üçün risk faktoru kimi qəbul edilə bilər.
Son illərdə əldə edilmiş uğurlara baxmayaraq, bu xəstəliyin müalicəsi həkimlər üçün olduqca çətin bir iş olaraq qalır. Xəstələr adətən özünümüalicəyə üstünlük verir, mütəxəssislərə müraciət etmirlər ki, bu da ağrı tutmasını tez bir zamanda aradan qaldırmaq üçün ağrıkəsicilərdən sui-istifadəyə və abuzus tipli baş ağrılarının yaranmasına səbəb olur. Nevroloqların fikrincə, yalnız düzgün və vaxtında diaqnoz və kompleks yanaşma xəstəliyin müalicəsində yaxşı nəticələr əldə etməyə imkan verir.
Müasir dövrdə miqren problemləri ilə məşğul olan beynəlxalq təşkilatlar – Avropa Baş Ağrı Federasiyası (European Headache Federation- EHF) və Beynəlxalq Baş Ağrı Cəmiyyəti (İnternational Headache Society – İHS) tərəfindən onun idarə edilməsinə yanaşmalar işlənib hazırlanmışdır. Belə ki, bu yanaşma həm miqren tutmalarının aradan qaldırılmasını, həm də xroniki miqrenin profilaktik müalicəsini əhatə edir. Miqren tutmalarının aradan qaldırılması üçün müasir arsenalda triptanlar, gepantlar kimi preparatlar var. Hazırda Azərbaycanda bu preparatların müxtəlif formaları var, bu da miqrenli xəstələrə olan konkret tibbi yardım imkanlarını genişləndirir.
Ancaq unutmamaq lazımdır ki, həkimlərə və dərman terapiyasına müraciət etməklə yanaşı, xəstə öz həyat tərzini də qaydaya salmalıdır. Buna görə miqren riskini azaltmaq üçün kifayət qədər yuxu, pis vərdişlərdən imtina, düzgün və balanslı qidalanmaq, təmiz havada gəzmək, bədən tərbiyəsi ilə məşğul olmaq və stresli vəziyyətlərin öhdəsindən gəlmək vacibdir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, problemin vacibliyi və tibbi-sosial əhəmiyyəti nəzərə alınaraq, ötən il respublikamızda Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyi rəsmi dövlət qeydiyyatından keçib və fəaliyyətə başlayıb. Qısa müddət ərzində bu təşkilat Avropa Baş Ağrı Federasiyasına üzv qəbul olunub və onlarla əməkdaşlığı genişləndirib. Hazırda İctimai Birliyin 1-ci illik beynəlxalq konfransına (20 dekabr 2025) geniş hazırlıq işləri aparılır.
Sədaqət Hüseynova
Fizioterapiya və tibbi reabilitasiya kafedrasının professoru, Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin sədri