Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycan Kardiologiya Cəmiyyətinin 4-cü Milli Konqresi çərçivəsində “Ürəyin Anatomiyası” kursu təşkil olunub. Tibb üzrə fəlsəfə doktoru Mahmud Bağırzadə “Ürəyin Embrioloji İnkişafı “mövzusunda mühazirə ilə çıxış etdi. İnsan ürəyinin rüşeym, döl və doğulduqdan sonrakı dövrlərdə inkişaf mexanizmini kurs iştirakçılarının diqqətinə çatdırdı. Tədris Terapevtik Klinikanın həkim kardioloqu Fuad Səmədov isə “Ürək Qapaqlarının Klinik Anatomiyası” mövzusunda mühazirəsini təqdim etdi, ürək qapaqlarında gedən dəyişikliklərin fərqli təsnifatlarını aparılmış müayinə nəticələri əsasında izah etdi. Daha sonra klinikanın kardioloqu t.ü.f.d Elnur İsayev “Ürəyin Arterial və Venoz Sistemi” mövzusunda mühazirə ilə çıxış etdi. Ürək damarlarının şaxələnməsi və ürəyin qidalanmasıyollarından danışdı.
Mühazirələrin ardından kurs praktiki hissə ilə davam etdi. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri,tibb elmləri doktoru Kamran Kazımoğlu Musayev və Tədris Terapevtik Klinikanın Ürək-damar Mərkəzinin rəhbəri, dosent dr. Fərid Əliyev həkim rezident və tələbələr üçün ürəyin disseksiyasını həyata keçirdilər.
Qeyd edək ki, konqres öz işini Noyabr ayının 28,29-u Hilton otelində davam etdirəcək.