ATU-nun rektoru Gəray Gəraybəyli 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edib
Bu gün Bakıda Prezident İlham Əliyevin himayəsi altında 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçirilib. Forum çərçivəsində təşkil olunan panel sessiyalarda Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və digərləri iştirak edib.
Forum çərçivəsində baş tutan "Sea Breeze Sağlamlıq Vadisi: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı" adlı panel sessiyada Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli də çıxış edib.
Rektor bildirib ki, "Sea Breeze Sağlamlıq Vadisi" layihəsi elm və təhsilin resurslarını birləşdirməklə elmin inkişafına böyük töhfə verə bilər. Bu layihə regionun ən böyük tibbi kompleksi kimi formalaşaraq, yalnız sağlamlıq xidmətləri deyil, eyni zamanda təhsil və tədqiqat sahəsində də mühüm mərkəz rolunu oynayacaq.
"Azərbaycan Tibb Universiteti və "Sea Breeze Health Valley" arasında strateji tərəfdaşlıq çərçivəsində tələbələrin yüksək səviyyəli klinik və elmi hazırlığı üçün müəyyən istiqamətlər üzrə fəaliyyət aparıla bilər. Xüsusi ixtisaslaşmış tədqiqat mərkəzləri yarada və ya onlarla sıx əməkdaşlıq edilə bilər", deyə rektor Gəray Gəraybəyli bildirib.
O əlavə edib ki, bu cür əməkdaşlıq kritik əhəmiyyətə malik sahələrdə peşəkar ekspertlərin hazırlanmasına və yeni biliklərin yaradılmasına şərait yaradacaq: "Geniş əməkdaşlıq sayəsində dünyanın aparıcı universitetləri ilə müxtəlif təhsil səviyyələrində konfransların, forumların keçirilməsi, ikili diplomların reallaşdırılması mümkün olacaq. Qarşılıqlı əməkdaşlıq tələbələrə qabaqcıl tədqiqatlarda iştirak etmək imkanı yaradacaq, həmçinin tibdə innovasiyaların inkişafına kömək edəcək".
Tədbir iştiralçıları çıxışlarında dövlət strukturlarının, investorların və layihə rəhbərliyinin birgə əməkdaşlığı sayəsində beynəlxalq standartlara cavab verən tibbi klasterin yaradılması imkanlarına dair fikir səsləndiriblər. Bildirilib ki, "Sea Breeze Sağlamlıq Vadisi" layihəsi Azərbaycanın səhiyyə sisteminin modernləşdirilməsi, rəqəmsal tibbi xidmətlərin tətbiqi, əczaçılıq və biotexnologiya sahələrinin inkişafı baxımından mühüm addımdır.
Müzakirələrdə layihənin Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi, sosial xidmətlərin və infrastrukturun inkişafı istiqamətində rolu diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları vurğulanıb.