Əczaçılar insan sağlamlığının keşiyində duran mütəxəssislərdir

Hər il sentyabrın 25-də qeyd olunan Beynəlxalq Əczaçılar Günü 2009-cu ildə Beynəlxalq Əczaçılıq Federasiyası (International Pharmaceutical Federation (FIP)) tərəfindən İstanbulda keçirilən konqresdə təsis edilib
Dünyada müxtəlif sahələrin populyarlaşması üçün xüsusi günlərin qeyd olunması ənənədir. Bu baxımdan, 25 sentyabrın Əczaçı Günü kimi qeyd olunması təqdirəlayiqdir. Əczaçılar həkimlərlə birlikdə insanların sağlamlığının keşiyində duran mütəxəssislərdir. Onların fəaliyyəti hər gün insan həyatını xilas etməyə və profilaktik tədbirlərlə xəstəliklərin qarşısını almağa yönəlir.

Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Statistikaya əsasən, dərman vasitələrinin təhlükəsizliyi problemi artıq milli səviyyədən çıxaraq qlobal problemə çevrilib. Həm də buna görə Beynəlxalq Əczaçılar Gününün qeyd edilməsi səhiyyə sistemində əczaçıların rolunu qiymətləndirmək üçün yaxşı bir fürsətdir və maarifləndirici istiqamətdir.

Elə biz də bu fürsətdən istifadə edərək Azərbaycan əczaçılığının tarixi, bu günü və gələcəyi, uğurları və problemləri ilə bağlı suallarımızı əczaçı mütəxəssisə - ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanova ünvanladıq.

Azərbaycanın zəngin təbii ehtiyatlara, nadir bitkilərə, heyvanlar aləminə və minerallara sahib bir ölkə olduğunu deyən müsahibimiz, bu təbii sərvətlərin əsrlər boyu xalq təbabətinin və əczaçılığın inkişafına böyük təsir göstərdiyini vurğulayıb. O, Şərq təbabətinə söykənən Azərbaycan əczaçılığının dərin köklərə malik olduğunu xatırladaraq, hələ qədim alban dövründə yerli bitkilərdən hazırlanmış məcunların xüsusi saxsı qablarda Roma imperiyasına ixrac edildiyini, amma əczaçılığın inkişafında əsas mərhələnin XIX əsrdən başladığını bildirib: “Bu əsrdə sənaye Bakısında, eləcə də Azərbaycanın digər bölgələrində əczaçılıq inkişaf edirdi. Eyni zamanda balıqçılıq sənayesi genişlənmiş və məhz balıqçılıqla tanınan Neftçalanın Bankə qəsəbəsində 1850-ci ildə Azərbaycanda ilk aptek təşkil olunmuşdu. Bu inkişafla yanaşı, 1890-cı ildə Sabunçuda ilk xəstəxana açılmış və onun tərkibində ilk aptek fəaliyyətə başlamışdı. Qısa müddət ərzində – 1910-cu ilə qədər ölkədə 50-yə yaxın aptek fəaliyyət göstərirdi”.
Professor T.Süleymanov ölkəmizdə əczaçılıq təhsili və praktiki fəaliyyətinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha yüksək inkişaf mərhələsinə keçdiyini söyləyib: “Sonrakı illərdə isə Şərqdə ilk ali əczaçılıq təhsil ocağı – Azərbaycan Əczaçılıq İnstitutu yaradılıb və görkəmli dövlət xadimi Əziz Əliyev institutun ilk rəhbəri olub. II Dünya müharibəsi illərində institut Azərbaycan Tibb İnstitutuna birləşdirilərək, Əczaçılıq fakültəsi kimi fəaliyyətini davam etdirib. İndiyədək 6500-dən çox yüksək ixtisaslı əczaçı kadr yetişdirən fakültə müstəqillik dövründə öz ölkəmizlə yanaşı, region ölkələri – İran, Türkiyə, İraq və digər dövlətlər üçün peşəkar kadrlar hazırlayıb ki, bu da fakültənin beynəlxalq nüfuzunun göstəricisidir”.

Həmsöhbətimiz qazanılan nailiyyətlərdən, həmçinin mövcud problemlərdən və gələcək perspektivlərdən də söz açıb: “Ölkə başçısının göstərişi ilə ali əczaçılıq təhsilinin inkişafı üçün 5 illik strateji proqram hazırlanıb. Bu çərçivədə magistratura üzrə yeni ixtisasların – əczaçılıq kosmetologiyası, sənaye əczaçılığı analizi, dərmanların sənaye üsulu ilə hazırlanması və digər istiqamətlərin açılması planlaşdırılır. Əsas problemlərdən biri də əczaçılıq diplomlarımızın bütün ölkələrdə tanınması məsələsidir ki, bu istiqamətdə Təhsil və Səhiyyə nazirlikləri tərəfindən mühüm işlər görülür”.

Bundan əlavə, antibiotiklərin istifadəsi məsələsi də önəmli problemlərdəndir. Antibiotiklərin həkim təyinatı olmadan istifadəsi orqanizmdə rezistentlik yaradır və onların təsirini azaldır. Buna görə də antibiotiklərin yalnız həkim göstərişi ilə istifadəsi vacibdir. Avropa ölkələrində antibiotiklər reseptsiz satılmır, Azərbaycanda da yaxın gələcəkdə bu qərarın tətbiqi arzuolunandır.

Müasir dövrdə əczaçılığın rolunun yalnız dərman satışı ilə məhdudlaşmadığına diqqət çəkən mütəxəssis, bu sahənin dərman maddələrinin yaradılması, keyfiyyətinə nəzarət, dərmanların sənaye üsulu ilə istehsalı, kliniki sınaqlar, kosmetologiya və məhkəmə təbabəti sahələrini də əhatə etdiyini deyib. Yeni texnologiyalar dərman istehsalı və keyfiyyətinə nəzarətdə, həmçinin tədris prosesində geniş tətbiq olunur. Elektron reseptlər, dərmanların izlənmə sistemi ölkəmizdə artıq fəaliyyət göstərir və bu, dərman təhlükəsizliyinin təminində mütərəqqi addımdır. Gənclər bu istiqamətdə geniş imkanlara malikdir və əczaçılıq sahəsi onlara gələcəkdə həm elmi, həm də praktik fəaliyyət imkanı açır.
Saxta dərmanların mövcudluğu və dərmanların düzgün qaydada saxlanılmaması da ciddi problemlərdəndir. Dərmanların keyfiyyətinə nəzarət analitik xidmət tərəfindən həyata keçirilməli, saxlanma şəraitinə ciddi riayət olunmalıdır.

Müsahibimiz noyabrın 20-21-də Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən ölkəmizdə əczaçılıq təhsilinin 85 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş beynəlxalq konqres keçiriləcəyini və konqresdə əczaçılar, əczaçı alimlər, yeni dərman vasitələrinin yaradılması ilə məşğul olan mütəxəssislər, eləcə də tələbələr və rezidentlərin iştirak edəcəyini diqqətə çatdırıb.
Əminliklə vurğulayıb ki, zəngin keçmişə söykənərək müasir dövrdə də inkişafını davam etdirən Azərbaycan əczaçılığı zəngin tarixi, möhkəm elmi bazası və müasir yanaşmaları ilə regionun aparıcı sahələrindən biri olaraq qalmaqdadır.