İlk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil olunan Ümumdünya Ürək Günü əvvəllər sentyabrın son bazar günü qeyd edilirdi, 2011-ci ildən isə sentyabrın 29-da keçirilir. Hazırda ürək-damar sistemi xəstəliklərinin dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri olduğunu və hər il bu səbəbdən milyonlarla insanın həyatını itirdiyini nəzərə alsaq, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyasının bu gün münasibətilə 100-dən çox ölkədə tədbirlər keçirməsi müsbət haldır.
Ürək-damar sistemi xəstəlikləri Azərbaycanda da ən çox rast gəlinən xəstəliklərdən biridir və həm ölüm faizinə, həm də əlillik dərəcəsinə görə ön sıradadır.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının invaziv kardioloqu, tibb üzrə fəlsəfə doktoru Sara Bayramzadə “Təbib” qəzetinə açıqlamasında ürək-damar sistemi xəstəliklərinə ürəyin ritm xəstəlikləri, aritmiyalar, ürəyin qapaq xəstəlikləri, ürəyin işemik xəstəlikləri, ürəyin əzələ xəstəlikləri olan kardiomiopatiyaların aid edildiyini deyib. Bildirib ki, ürək-damar sistemi xəstəliklərinin yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, tütün istifadəsi və digər zərərli vərdişlər, artıq çəki, piylənmə və fiziki hərəkətsizlikdir.
Onun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin risk faktorları dəyişilə bilən və dəyişilə bilməyən olmaqla iki qrupa bölünür. Yaş, cins və irsiyyətlə bağlı ürəyin işemik xəstəlikləri dəyişilə bilməyən, yuxarıda da sadalanan - qanda yağların səviyyəsinin yüksəlməsi (məsələn, xolesterolun artması), yüksək qan təzyiqi (hipertoniya), tütünçəkmə, qeyri-sağlam qidalanma, artıq çəki və piylənmə, həddindən artıq az fiziki aktivlik, şəkərli diabet, mütəmadi alkoqol qəbulu isə dəyişilə bilən risk faktorlarına daxildir. Təəssüf hissi ilə deyə bilirik ki, ürəyin işemik xəstəlikləri yaşlı insanlarla yanaşı, gənclər arasında da geniş yayılıb. Bunun əsas səbəbləri arasında zərərli vərdişlər, enerji içkilərindən mütəmadi istifadə, aşırı alkoqol qəbulu, həmçinin irsiyyət faktoru xüsusi yer tutur. Təbii ki, dəyişilə bilməyən risk faktorları ilə mübarizə aparmaq çox çətindir. Amma dəyişilə bilən risk faktorlarını aradan qaldırmaq üçün həyat tərzinin dəyişməsi, sağlam həyat, sağlam qidalanma, fiziki aktivliyin artırılması, zərərli vərdişlərin məhdudlaşdırılması və tamamilə kəsilməsi, arterial təzyiqin, qanda şəkərin miqdarının normada saxlanılması önəmli nüanslardır.
Ürək-damar sistemi xəstəliklərinə mənfi təsir göstərən amillərdən biri də stress və emosional gərginlikdir. Stresi azaltmaq üçün sağlam qidalanma, idman, stresli ortamlardan uzaq durmaq və açıq havada gəzmək məsləhət görülür.
Aşırı stress, sevinc və kədər, yüksək emosional gərginlikdən sonra yaranan ürək patologiyaları Takotsubo kardiomiopatiyası adlanır və adətən geri dönəndir, müalicəsi protokola uyğun dərmanlarla aparıla bilir.
Ürək-damar sistemi xəstəliklərinin profilaktikası isə poliklinik qəbullarda pasiyentlərin risk faktorlarının dəyərləndirilməsi və qanda xolesterin səviyyəsinin yoxlanılması, EKQ və ExoKQ, Stress Ekq testin aparılmasından ibarətdir. Ürəyin işemik xəstəlikləri, qapaq xəstəlikləri, həmçinin kardiomiopatiyalar və ürək aritmiyaları bu qrup müayinələrlə aşkarlanır.
Ürəkdöyünmə, sinədə ağrı, başgicəllənmə və bayılma, fiziki hərəkət zamanı təngnəfəslik bəzən hansısa başqa bir xəstəliyin, bəzənsə ürək xəstəliyinin ilkin əlamətləridir. Xüsusilə də fiziki yüklə döş qəfəsində ağrı və fiziki hərəkətlə artan ağrı, fasilə verdikdə sakitləşən və sol qola, sol kürəyə, sinə nahiyəsinə yayılan ağrı ürəyin işemik xəstəliklərinin, miokard infarktın xəbərverici simptomlarıdır. Müasir dövrdə son protokollarla müalicə üsullarına və erkən diaqnostika metodlarının tətbiqinə baxmayaraq, yenə də ürək səbəbli ölümlər bütün dünyada ölümün birinci səbəbi olaraq qalmaqdadır. Bu nöqteyi-nəzərdən hər kəsin öz sağlamlığına ciddi yanaşması tövsiyə edilir.
Həmçinin az yağlı və duzsuz, şəkərsiz qidalardan istifadə, fiziki aktivlik və idman həyat tərzimizin əsas tərkib hissəsi olmalıdır.