Tələbələrə Avropa Komissiyasının ali təhsil proqramları haqqında məlumat verilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Avropa Komissiyasının Ali təhsil sahəsində əməkdaşlıq və mobillik proqramlarına dair məlumatlandırma günü keçirilib.
Tədbiri ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Dos. Rəhimə Qabulova açaraq Erasmus Mundus proqramının məqsəd və məramı haqqında iştirakçılara ətraflı məlumat verib. Xanım prorektor bildirib ki, layihənin məqsədi Avropada ali təhsilin keyfiyyətini artırmaq, üçüncü ölkələrlə əməkdaşlıq vasitəsilə insanlar və mədəniyyətlər arasında dialoqu və qarşılıqlı anlaşmanı təşviq etməkdən ibarətdir.
ATU-nun ilk dəfə iştirak etdiyi MEDEA layihəsi haqqında məlumat verən Dos Qabulova, proqramın 2013-2017-ci illəri əhatə etdiyini qeyd edib. Onun sözlərinə görə, ötən tədris illərində Tibb Universitetinin 3 bakalavr, 3 magistr və 2 müəllimi Avropanın Pol Sabatye Tuluza, Perugia, Humbolt, Kardiff, Vilnyus universitetlərində təhsillərini davam etdirməklə ixtisaslarını artırıblar.
Sonra prorektor R.Qabulova Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr ofisinin əməkdaşları İlham Abbasov və Aysel Həmidzadəni auditoriyaya təqdim etdi. Qeyd olundu ki, bir çox illərdir ki, universitetlər arasında Avropa İttifaqının müxtəlif qrant proqramları çərçivəsində sıx əməkdaşlıq formalaşıb.
Qonaqlar öz növbəsində ADU-nun HERMES və EMBER layihələri haqda geniş məlumat verdilər, ATU-nun tələbələri və magistrlərini bu proqramlarda ikinci hədəf qrupu kimi iştirak etməyə çağırdılar. Tədbirdə iştirak edən tələbə, müəllim, doktorantların diqqətinə çatdırıldı ki, ötən dəfəki seçimlərdə ATU-nun bir magistriADU-nun ALRAKİS layihəsi ilə hazırda Almaniyanın Göttingen universitetində magistratura pilləsində təhsil alır.
Tədbirdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsini müdiri Dos Nadir Zeynalov, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr Nəriman Səfərli iştirak ediblər.