Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasının tədris proqramı çərçivəsində tələbələr üçün praktik vərdişlərlə yaxından tanış olmaq məqsədilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (Mərkəz) tanışlıq turu keçirilib.
Tələbələr ölkəmizdə İİV infeksiyası ilə mübarizə istiqamətində həyata keçirilən əksepidemik tədbirlərlə və epidemioloji prosesin idarə olunması proqramları ilə yaxından tanış olublar. Tanışlıq turu çərçivəsində tələbələr İİV infeksiyasının müasir metodologiya üzrə idarə olunması, profilaktikası, diaqnostikası və müalicəsi ilə bağlı məlumatlandırılıblar.
Mütəxəssislər Mərkəzdə sağlamlığa ciddi təhlükə olan İİV-in aşkarlanması, İİV/QİÇS-in müalicəsi istiqamətində görülən işlərdən, müayinə və müalicənin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitdən danışıb. Tələbələr Mərkəzin lazımi avadanlıqlarla təchiz olunmuş müasir tələblərə uyğun laboratoriyasında həyata keçirilən müayinələrlə yaxından tanış olublar.