Rektor, professor Gəray Gəraybəyli bildirib ki, tədris prosesində müasir tələblərə uyğun ciddi dəyişikliklər gözlənilir
Sentyabrın 30-da Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının 2025-2026-cı tədris ilində ilk iclası keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Rektor gündəlikdə duran məsələlərin müzakirəsindən öncə professor Anar Ağayevin 2025-ci ilin 5 sentyabr tarixindən Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunduğunu şura üzvlərinin diqqətinə çatdırıb. Həmçinin II Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənovu ölkə başçısı tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması və 80 illik yubileyi, I Cərrahi xəstəliklər kafedrasının professoru Məhəmməd Kərimovu isə 70 illik yubileyi münasibətilə təbrik edərək, hər iki yubilyara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bundan sonra “2024-2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının nəticələrinin təhlili və 2025-2026-cı tədris ilində universitet kollektivinin qarşısında duran vəzifələr” barədə Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubovun hesabatı dinlənilib.
Azərbaycanda elm və təhsilin inkişafı məqsədilə hələ Ümummilli Liderimiz Heydər Əliyevin dövründə aparılan islahatların bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən departamentin rəhbəri bildirib ki, Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
K.Yaqubov professor-müəllim heyətinin bu qayğını öz nailiyyətləri ilə doğrultmağa çalışdığını diqqətə çatdıraraq qeyd edib ki, universitetimiz bütün tədris pillələrində tədris aparan əsas tədris ocağıdır: “Universitetimizdə 2025-2026-cı tədris ilində 268 nəfər subbakalavr (hərbi feldşer işi), 698 nəfər bakalavr (fizioterapiya, tibb bacısı (qardaşı) işi, əczaçılıq) - onlardan fizioterapiya ixtisası üzrə 147 nəfər, tibb bacısı (qardaşı) işi ixtisası üzrə 173 nəfər, əczaçılıq ixtisası üzrə 378 nəfər, əsas baza (ali) təhsili tibb-stomatologiya ixtisası üzrə 1198 nəfər, tibb ixtisası üzrə 4902 nəfər, hərbi tibb ixtisası üzrə 454 nəfər, ictimai səhiyyə ixtisası üzrə 315 nəfər, magistratura pilləsində 9+27 (36) ixtisaslaşma üzrə ümumilikdə 189 nəfər, rezidentura pilləsində 44 ixtisaslaşma üzrə ümumilikdə 600 nəfər, doktorantura pilləsi üzrə isə 186 nəfər olmaqla, cəmi 8804 nəfər təhsil alır”.
Departamentin rəhbəri bugünkü müzakirələrin yalnız nəticələri qiymətləndirmək deyil, həm də universitetimizin akademik mühitini daha da gücləndirmək baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Keçirilən imtahan sessiyasının nəticələrinin data analitikası bizə həm uğurlarımızı, həm də üzərində işləməli olduğumuz sahələri təhlil etməyə imkan verir. Universitetimizdə 2024-2025 tədris ilində təhsil alan 7571 tələbədən 7205 nəfəri bu ilki imtahanlarda iştirak edib, 366 nəfər isə üzrlü və üzrsüz səbəblərdən imtahanlarda iştirak etməyib. 6457 nəfər tələbə imtahan sessiyasını müvəffəqiyyətlə başa vurub. 950 nəfər (14,7%) sessiyanı “əla” qiymətlərlə, 3049 nəfər (47,2%) “əla” və “yaxşı” qiymətlərlə, 2458 nəfər (38,06%) qarışıq qiymətlərlə bitirib. Sessiyanın nəticələrinə görə, 956 nəfər tələbənin akademik borcu qalıb ki, bunlardan da 632 nəfərin yalnız 1 fəndən, 230 nəfərin 2 fəndən, 94 nəfərin 3 fəndən akademik borcu var. Ən çox akademik borc (F qiyməti alan) I kurs tələbələrində müşahidə olunur”.
Məruzədə universitetin fakültələr və kurslar üzrə keyfiyyət göstəriciləri də öz əksini tapıb. Kurslar üzrə ən aşağı keyfiyyət göstəricisi I, ən yüksək keyfiyyət göstəricisi VI kurslarda, fakültələr üzrə isə ən aşağı keyfiyyət göstəricisi Hərbi tibb, ən yüksək keyfiyyət göstəricisi İctimai səhiyyə fakültəsində olub.
Cari tədris ilində ilk dəfə olaraq, semestrdə aralıq imtahanlarının “məxsusi həftədə” keçirildiyini, eləcə də rektoryanı şuranın qərarına əsasən, bu semestr əvvəlki illərdən fərqli olaraq, imtahan öncəsi I kurs tələbələrinə nümunəvi testlərin (PDF-lər) verilmədiyini söyləyən K.Yaqubov, istənilən sahənin fəaliyyətinin düzgün təşkilinin əsas meyarlarından sayılan nizam-intizam məsələlərinə ciddi riayət olunmasının vacibliyinə də toxunub. O, nizam-intizam pozuntularına yol vermiş tələbələr barəsində müvafiq tədbirlər görüldüyünü diqqətə çatdırıb.
K.Yaqubov hesabat məruzəsində Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul imtahanları zamanı IV qrup üzrə yüksək bal toplayanların böyük əksəriyyətinin, yəni qrup üzrə bütün Prezident təqaüdçülərinin bizim universiteti seçdiklərini xatırladıb: “Son 6 dərs ilində hər il 23-25 nəfər olmaqla, təhsil almaq üçün bizim universiteti seçən 146 Prezident təqaüdçüsünün imtahan nəticələri heç də qənaətbəxş deyil. 6 il ərzində universitetə daxil olan 146 nəfər Prezident təqaüdçüsündən bu günə 22 nəfəri qalıb. Bu tələbələr müxtəlif fənlərdən “A” qiyməti ala bilmədiklərinə görə Prezident təqaüdçüsü adını itiriblər. Hər biri IV qrupda təhsil almağı seçmiş, tam orta təhsili əla qiymətlərlə başa vurmuş və çətin test sınaqlarından ən yüksək nəticələri əldə etmiş bu tələbələr universitetimiz üçün bir fəxarət olmalıdır. Biz gələcəkdə belə gənclərimizin potensialını tibb elminin inkişafına, yüksək ixtisaslı həkim və əczaçı kadrların hazırlanmasına yönəltməliyik”.
K.Yaqubov onu da bildirib ki, universitetimizi 2024-2025-ci tədris ilində bitirən 1280 nəfər tələbədən 898 nəfəri yerli, 382 nəfəri isə əcnəbidir.
Payız semestrində universitetimizin qarşısında mühüm vəzifələr durduğunu söyləyən məruzəçinin sözlərinə görə, bunlardan ən önəmlisi tədris prosesində innovativ və tələbəyönlü yanaşmaların daha geniş tətbiq olunmasıdır: “Biliklərin sadəcə ötürülməsi kifayət deyil, biz tələbələrimizin tənqidi düşünmə, problemləri analiz etmə və praktiki bacarıqlarını inkişaf etdirmə qabiliyyətini gücləndirməliyik. Bu məqsədlə interaktiv dərs metodlarının, simulyasiya mərkəzlərinin, klinik təcrübələrin və elmi-tədqiqat işlərinin tədris prosesindəki rolunu artırmalıyıq”.
Universitetimizdə kadr hazırlığının əmək bazarının tələblərinə cavab verən formada təşkil edildiyini vurğulayan K.Yaqubov, çıxışının sonunda mövcud nöqsanların bu dərs ilində aradan qaldırılacağına, yeni semestrin hər birimiz üçün uğurlu, məhsuldar və yeniliklərlə dolu olacağına əminliyini bildirib.
Məruzə ətrafında çıxış edən ATU-nun Apellyasiya Komissiyasının sədri, professor Gülnarə Əzizova cari ilin yaz semestrində 1237 müraciətə baxıldığını, 426 iddianın əsaslı, 811 iddianın isə əsassız olduğunu, keçən ilin bu dövrü ilə müqayisədə əsaslı iddiaların sayının 10 faiz azaldığını deyib. Eyni zamanda apellyasiya araşdırmalarının kurslar və fakültələr üzrə nəticələrini də diqqətə çatdıran komissiya sədri, bu məsələdə ekspertlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Rəmzi Əliyev çıxışında bildirib ki, bu ilin fevralından Böyük Elmi Şuranın qərarı ilə imtahanların təşkili bizim departamentə həvalə olunub: “İlk növbədə imtahan zallarının izolyasiyası yönündə işlər görülüb və ekspertlərlə söhbətlər aparılıb. Sualların keyfiyyətcə yaxşılaşması səbəbindən apellyasiya şikayətlərinin sayı xeyli azalıb və bu istiqamətdə davamlı işlər gedir”.
Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli isə 2024-2025-ci tədris ilində ilk dəfə olaraq Stomatologiya, Əczaçılıq və İctimai səhiyyə fakültələrində məzun tələbələr üçün təşkil olunmuş istehsalat təcrübəsinin yekun qiymətləndirilməsinin formatından və bu təcrübənin üstünlüklərindən danışıb. Çıxış edənlər hesabat məruzəsini qənaətbəxş qiymətləndirərək təkliflərini irəli sürüblər.
Müzakirələri yekunlaşdıran rektor, professor Gəray Gəraybəyli ölkə rəhbərliyinin təhsilə xüsusi qayğı göstərdiyini vurğulayıb və tələbələrin böyük əksəriyyətinin dövlət hesabına təhsil almasını bu qayğının bariz nümunəsi kimi dəyərləndirib. Professor G.Gəraybəyli tədris ilinin əvvəlində Elm və Təhsil Nazirliyində rektorların iştirakı ilə keçirən iclasla bağlı bəzi təəssüratlarını şura üzvləri ilə bölüşüb. Ölkədə tam formalaşmış təhsil strategiyasının olduğunu, yeni maliyyələşmə mexanizmlərinin hazırlandığını vurğulayan rektor qeyd edib ki, müasir tələblərə uyğun ciddi dəyişikliklər gözlənilir. Belə ki, son 5 ildə bir məqaləsi çıxmayan, elmə heç bir faydası dəyməyən kadrların tədrisdən uzaqlaşdırılması istisna deyil. Ümumi fikir ondan ibarətdir ki, tədrisin keyfiyyəti daim artırılmalıdır: “Dəfələrlə dediyim kimi, universitetimiz bir zamanlar Azərbaycanda tibb kadrları hazırlayan yeganə ali məktəb idi. Ancaq indi zaman dəyişib, işimizə olan tələblər və dərs dediyimiz tələbələr dəyişib. Əgər bunu vaxtında dərk etməsək, böyük problemlərlə üzləşərik. Çünki rəqabət mühiti yaranıb. Qarabağ Universitetində Tibb fakültəsi açılıb, uzun illərdir ki, Naxçıvan Dövlət Universitetində də tibb kadrları hazırlanır. Həmçinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərir. Başqa universitetlərdə də tibb fakültəsinin açılması gündəmdədir”.
Bütün bunların universitet kollektivinin üzərinə ciddi məsuliyyət qoyduğunu söyləyən professor G.Gəraybəyli, əczaçılıq və ictimai səhiyyə ixtisaslarına qəbul planının aşağı düşməsini bir həyəcan siqnalı kimi səciyyələndirib. Xarici tələbələrin qəbulunun da kəskin şəkildə azaldığına diqqət çəkən rektor, magisrtatura və rezidentura təhsilinin problemləri və bu problemlərin həlli yollarından danışıb.
Müzakirə olunan məsələnin aktuallığını, tədrisin keyfiyyətinin yüksəldilməsi və imtahanların optimallaşdırılması istiqamətində davamlı işlər görüldüyünü vurğulayan rektor, narahatlıq doğuran digər problemlərə də aydınlıq gətirib.
Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra digər məsələlərə baxılıb. İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru Vaqif Şadlinskini kafedrada yenidən məsləhətçi-professor vəzifəsinə seçən Elmi Şura, Tədris Cərrahiyyə Klinikasının vergi və icbari ödənişlər üzrə olan borclarının tam bağlanması və normal fəaliyyət göstərməsi üçün vəsait, tibbi avadanlıqların təmiri məqsədilə Tədris Terapevtik Klinikaya maddi yardım ayrılması barədə qərarlar qəbul edib. Eyni zamanda Elmi Tədqiqatların İdarə olunması Departamenti tərəfindən tərtib olunmuş ATU-nun 2025-2030-cu illər üçün yenilənmiş elmi strategiyası və fəaliyyət planını təsdiqləyib. Daha sonra şura üzvləri Miriyeva Ləman Miryusif qızının təhsil ödənişinə güzəştlər edilməsi, 2024-2025-ci tədris ili üçün “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun hazırlanmış hesabat, tədris məşğələlərinin aparılmasına və “Səhiyyə menecmenti” ixtisası üzrə II növbə (18:00-dan başlayaraq) tədris prosesinə cəlb edilmiş işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərinə dəyişiklik edilməsi, institusional akkreditasiyanın verdiyi tövsiyələrin icrası məqsədilə hazırlanmış sənədlər, ATU-nun İnzibati və texniki işçilərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Əsasnaməsi barədə qərarlar qəbul edilib.
Sonda klinik protokollar, dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrinə razılıq verən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.