Bu gunlərdə Özbəkistan Respublikasının Səmərqənd şəhərində Səmərqənd Dövlət Tibb Universitetinin ev sahibliyi ilə «Çoxistiqamətli məhkəmə tibbi ekspertiza və patologiya» mövzusunda V Beynəlxalq elmi-praktik konqres keçirilib
Konqresdə Azərbaycan, Tacikistan, Fransa, ABŞ, Xorvatiya, Bosniya, Herseqovina, Serbiya, Başqırdıstan və Qazaxıstandan tanınmış alimlər, mütəxəssislər və elmi ictimaiyyətin nümayəndələri öz təcrübə və biliklərini bölüşüblər.
Konqresin açılış mərasimində «TURAZ» Elmi Cəmiyyətinin sədri Prof. Dr. Osman Celbiş, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, Azərbaycan Tibb Universitetinin Patologiya kafedrasının müdiri professor Ədalət Həsənov, eləcə də Səmərqənd Tibb Universitetinin Elmi işlər və innovasiya üzrə prorektoru elmlər doktoru, dosent Əziz Kubayev konqres iştirakçılarını salamlayıblar. Onlar çıxışlarında tədbirin beynəlxalq elmi əməkdaşlığın inkişafında, mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin artırılmasında, yeni elmi bilik və təcrübələrin mənimsənilməsində əhəmiyyətini xüsusi vurğulayıb, habelə müasir elmi nailiyyətlər əsasında məhkəmə tibbi ekspertiza və patologiyanın təkmilləşdirilməsi baxımından rolunu qeyd ediblər.
Konqres çərçivəsində məhkəmə tibbi ekspertiza və patologiya sahəsində aktual problemlər, müasir diaqnostik metodların tətbiqi, süni intellekt texnologiyalarının bu sahəyə inteqrasiyası kimi mühüm məsələlər geniş şəkildə müzakirə olunub, həmçinin yeni tədqiqat nəticələri və elmi yanaşmalar təqdim edilib. Universitetimizin Patologiya, Məhkəmə təbabəti, Sitologiya, embriologiya və histologiya, Daxili xəstəliklər kafedralarının əməkdaşları, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri müxtəlif məruzələr ilə çıxış ediblər.
Səmərqənd Dövlət Tibb Universitetinin ev sahibliyi ilə təşkil olunan tədbir “Çoxistiqamətli Məhkəmə Tibbi Ekspertiza və Patologiya” mövzusuna həsr olunan konqresin ikinci günündə ATU əməkdaşları – kafedranın baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Əliyarbəyova Aygün, baş müəllim Nəcəfova Təranə və baş müəllim, tibb üzrə fəlsəfə doktoru Sadıqova Gülnarə poster və şifahi təqdimatlarla çıxış edərək universiteti layiqincə təmsil ediblər.
Elmi mübadilə və beynəlxalq əməkdaşlıq baxımından önəm daşıyan bu tədbirdə əməkdaşlarımızın uğurlu iştirakı ATU-nun beynəlxalq elmi platformalarda fəallığının və nüfuzunun göstəricisidir.