Bakı Ekspo Mərkəzində t.e.d. professor Əzizağa Talışinski və uzman doktor Aydın Talışinskinin tələbələr üçün nəşr etdikləri “Otorinolaringologiya” dərsliyinin təqdimatı keçirilib
Təqdimatı aparan Dr. Aydın Talışinski müxtəlif dillərdə nəşr olunmuş otorinolarinqologiya dərsliklərinin tarixi və müqayisəli təhlili barədə məlumat verərək, Avropa, Amerika, Rusiya, Osmanlı və Türkiyə Cümhuriyyətindəki LOR ədəbiyyatını təhlil edib. O, həmçinin Türk Dünyasında 1934-cü ildə latın əlifbası ilə Azərbaycan dilində Azərbaycan Tibb Universitetinin otorinolarinqoloqu tərəfindən hazırlanmış dərsliyin orijinal nüsxəsini təqdim edib.
Təqdimatın əsas hissəsində yeni nəşr olunmuş “Otorinolaringologiya” dərsliyi barədə məlumat verilib. Dərslikdə yuxarı tənəffüs yolları və qulaq xəstəliklərinin etiologiyası, diaqnostikası və müalicəsinə dair fundamental biliklər, endonazal mikroendoskopik diaqnostika və cərrahiyyə yenilikləri, eləcə də müasir və əsaslandırılmış diaqnostik və müalicə üsulları ətraflı təqdim olunub. Kitab tibb fakültəsinin tələbələri üçün təhsil proqramına tam uyğun olmaqla yanaşı, rezidentlər, doktorantlar və praktik həkimlər üçün də böyük fayda təmin edir.
Dərslik 2024-cü ildə “Təbib” nəşriyyatında 684 səhifə, 442 illüstrasiya ilə nəşr olunmuş, terminoloji lüğət və kompakt disk ilə təchiz edilib.