Azərbaycan Tibb Universitetində Xarici tələbələrlə iş üzrə dekanlıqla “Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Miqrasiya Xidmətinin (DİM) əməkdaşlarının universitetdə təhsil alan əcnəbi 1-ci kurs tələbələri ilə görüşü keçirilib
Tədbiri Xarici tələbələrlə iş üzrə dekan, dosent Natiq Bayramov açıb və Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını universitetdə görməkdən məmnunluğunu bildirib. Görüşün məqsədinin əcnəbi tələbələrə miqrasiya qanunvericiliyi barədə ətraflı məlumat vermək, onları maraqlandıran sualları cavablandırmaq olduğunu qeyd edib.
“Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev çıxışında ictimai birlik kimi mütəmadi olaraq əcnəbilərin təhsil aldığı ali təhsil müəssisələrində DMX əməkdaşlarının görüşünü təşkil etdiklərini bildirib. Tələbələrin miqrasiya xidmətləri ilə bağlı əlıçatanlığını təmin etmək üçün bu cür maarifləndirici tədbirlərin təşkilinin vacibliyini vurğulayıb.
Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova çıxışında iştirakçılara miqrasiya qanunvericiliyi haqqında ətraflı məlumat verib. O, əcnəbi tələbələrin Azərbaycan Respublikasına gəlməsi, ölkədə müvəqqəti olması və ölkədən getməsi, həmçinin yaşadığı yer üzrə qeydiyyat məsələlərindən danışıb, bu prosedurların vaxtında həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Nihat Kazımov da iştirak edib.
200-dən çox əcnəbi tələbənin iştirak etdiyi tədbir, diskusiya şəraitində öz işini başa çadırıb. Tələbələri maraqlandıran çoxsaylı sualları DMX-nin əməkdaşları ətraflı şəkildə cavablandırıb.