Azərbaycan Tibb Universitetində tibbi kimya sahəsində yeni elmi monoqrafiya nəşr olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzinin alimləri tərəfindən aparılan tədqiqatların nəticələri rus dilində tərtib edilmiş yeni elmi nəşrdə öz əksini tapıb
“Platin (II) və palladiumun (II) biokoordinasiyalı birləşmələri tibbi kimyada” (“Биокоординационные соединения платины (II) и палладия (II) в медицинской химии”) adlı monoqrafiyanın müəllifləri ATU-nun elm əməkdaşları Xudayar Həsənov, Orxan İsayev, Əsmət Əzizova və Şimid Qasımovdur. Nəşr Azərbaycanda tibbi kimya sahəsinə həsr olunmuş ilk monoqrafiya olduğundan, elmi baxımdan əhəmiyyət kəsb edir. 
Əsər metal tərkibli bioloji fəal maddələrin alınması, onların fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi və tibbi aspektlərinin tədqiqinə həsr olunub. Müəlliflər tərəfindən aparılan ilkin tədqiqatlar göstərir ki, alınan birləşmələr gələcəkdə geniş elmi sınaqlardan sonra yaman şişlərə qarşı, iltihab əleyhinə, radioprotektor və antioksidant vasitələr kimi tətbiq oluna bilər. Bu, həm tibbi kimya, həm də klinik tədqiqatlar sahəsində yeni istiqamətlərin inkişafına təkan verəcək.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın akademiki Əjdər Məcidov, rəyçiləri isə AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev və Biokimya kafedrasının dosenti Arzu Dadaşovadır.
Yeni nəşr yalnız elmi dairələr üçün deyil, həm də tibbi kimya, əczaçılıq, biotexnologiya və tibb sahələrində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Kitabda təqdim edilən məlumatlar metal komplekslərinin bioloji fəallığı və onların tibbi tətbiqi üzrə aparılan beynəlxalq tədqiqatlarla səsləşir.
Azərbaycan Tibb Universiteti bu nəşri tibbi kimyanın ölkəmizdə inkişafına töhfə verən əhəmiyyətli elmi hadisə kimi dəyərləndirir və belə tədqiqatların davamlılığını dəstəkləyir.