AMEA-nın Rəyasət Heyətində görkəmli alim və cərrah, tibb elmləri doktoru, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası və AR Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Toplantıda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR səhiyyə naziri Teymur Musayev, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxış edərək akademik M.Topçubaşovun elmi fəaliyyəti, tibb elminin tarixində tətbiq etdiyi yeniliklər haqqında danışıblar. Tədbirdə Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş bu alimin elmi-təşkilati fəaliyyətindən də söz açılıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli akademik M.Topçubaşovun ölkəmizin tibb təhsilində göstərdiyi müstəsna xidmətlərdən danışıb. Qeyd edib ki, Mustafa Topçubaşov 1920-ci ildə Bakı Dövlət Universitetinin yenicə yaradılmış tibb fakültəsində fəaliyyət göstərib: “Onun rəhbərliyi altında burada fakültativ cərrahiyyə kafedrası təşkil edilmiş və inkişaf etdirilib. Akademik Mustafa Topçubaşov tibb təhsilində islahatçı mövqeyi ilə seçilib. O, tələbələrin klinik biliklərinin gücləndirilməsini, praktik təcrübəyə üstünlük verilməsini, yeni tədris metodlarının tətbiqini və milli kadrların yetişdirilməsini prioritet hesab edirdi. Onun təşəbbüsü ilə cərrahiyyə fənlərinin tədrisində kliniki-praktik məşğələlərin həcmi artırılmış, tələbələrin xəstələrlə birbaşa ünsiyyətdə olması, müşahidələr aparması, əməliyyat proseslərini izləməsi və iştirak etməsi tədris prosesinə daxil edilmişdi”.
Rektor vurğulayıb ki, akademikin rəhbərliyi ilə Azərbaycan dilində 5 cildlik “Xüsusi cərrahlıq” dərsliyi hazırlanıb ki, bu əsər dərs vəsaiti olması ilə yanaşı, həm də milli tibbi terminologiyanın formalaşmasına mühüm töhfə verib.
Rektor professor G.Gəraybəyli inamla qeyd edib ki, Azərbaycanda cərrahiyyə məktəbinin formalaşması bilavasitə akademik M.Topçubaşovun adı ilə bağlıdır: “Onun rəhbərliyi altında müxtəlif ixtisaslar üzrə onlarla yüksək səviyyəli həkim, tədqiqatçı və pedaqoq yetişib, 35-dən artıq doktorluq və namizədlik dissertasiyasına rəhbərlik edib. 62 illik fəaliyyəti ərzində Topçubaşov 100 minə yaxın əməliyyat aparmış, 200-dən çox elmi iş, 7 monoqrafiya və çoxsaylı ixtiraların müəllifi olub”.
ATU-nun rektoru Akademik Mustafa bəy Topçubaşovun Azərbaycan tibb təhsilinin və səhiyyəsinin inkişafında, milli tibbi məktəbin formalaşmasında misilsiz rol oynadığını, onun adının Azərbaycan tibb tarixində əbədi yaşayacaq və qoyduğu zəngin irs gələcək nəsillərə yol göstərəcəyini bildirib.
Tədbirdə Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və ATU-nun akademik M.Topçubaşov adına III Cərrahi xəstəliklər kafedrasının doktorantı Hilalə Abbasova çıxış edərək akademik Mustafa Topçubaşovun Azərbaycan tibb elminə, səhiyyəsinə, yüksəkixtisaslı kadr hazırlığı işinə verdiyi töhfələrdən danışıblar.
Sonda Topçubaşovlar ailəsi adından oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.