Dekabrın 9-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasınında hepatologiya üzrə elmi konfrans keçirilib.
Tədbirin açılış hissəsində Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Nuru Bayramov çıxış edərək Azərbaycanda tibb elminin qazandığı nailiyyətlər, xüsusilə də qaraciyər xəstəliklərinə dair sahədə əldə olunan uğurlardan danışıb. O, ATU-nun Tədris Cərrahiyyə Klinikasının hepatologiya üzrə mürəkkəb əməliyyatların icra olunduğunu da vurğulayıb. Professor N.Bayramov son illər təşkil olunan elmi-praktik konfranslarda gənclərin daha çox yer aldığından məmnun olduğunu da bildirib.
Sonra məruzəçilər tədbir iştirakçılara təqdim edilib. Qeyd olunub ki, hepatoloq Gülnarə Ağayeva yüksək ixtisaslı kadr kimi həm də biliklərini gənclərlə bölüşür, elmi seminarlar təşkil edir.
Qaraciyər xəstəlikləri, onların müasir metodlarla diaqnostika və müalicəsi, bu sahədə dünyada mövcud təcrübədən bəhs edən toplantıda ölkəmizin aparıcı tibb müəssisələrinin mütəxəssisləri iştirak ediblər. Grand Hospitalın nümayəndəsi, hepatoloq Gülnarə Ağayeva “Qaraciyər sirrozu, patogenez, etiologiyası” mövzusunda məruzə ilə çıxış edib. Mərkəzi Klinik Xəstəxananın qastroenteroloqu Emin Verdiyev isə “Hepatik ensefalopatiya” mövzusunda fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Avrasiya hospitalının qastroenteroloqu Aqil Ağakişiyev, ATU-nun həkim-rezidenti Şahnaz Atayev isə kəskin qaraciyər çatışmazlığı mövzusunda məruzələrin təqdim ediblər.