Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsində 2016-cı ildən etibarən böyrək nəqli əməliyyatları uğurla həyata keçirilir
Bu günlərdə adıçəkilən şöbənin həkim heyəti tərəfindən növbəti əməliyyat icra olunub.
I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, klinikanın Transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazovun bildirdiyinə görə, adətən iki vena, iki arteriyası olan böyrəklər mürəkkəb əməliyyat hesab olunur. Bu xəstənin də böyrəyi məhz beləymiş. Üstəlik də, böyrəyin arteriyasının diametri 1.5 mm-dən kiçik olduğu üçün əməliyyatın mürəkkəbliyi daha da yüksəlib.
Şöbə müdiri uyğun donor tapılmadığı üçün pasiyentin 58 yaşlı bacısının donor olduğunu qeyd edib: “Müayinələrdən sonra əməliyyat həkim heyətimiz tərəfindən uğurla həyata keçirildi. Hazırda hər iki arteriya işlək vəziyyətdədir və böyrək normal şəkildə fəaliyyət göstərir. Klinikamıza daxil olanda xəstənin kreatini 8.7 idisə, hazırda bu göstərici 1.1-ə endirilib. Xəstə özünü yaxşı hiss edir, nəzarətimiz altındadır. Müraciət edən xəstələrin normal həyata qayıtması bizim üçün həmişə ən böyük mükafatdır”.