II MPF Tələbə Elmi Cəmiyyətinə yeni sədr seçildi

Oktyabrın 8-də Azərtbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin İdarə Heyətinin yeni sədr seçkisi ilə əlaqədar iclası keçirildi

İclası II MPF-nin dekanı, dosent İsrail Məhərrəmbəyli açaraq bildirdi ki, fakültəmizin TEC-i uzun müddətdir fəaliyyət göstərir: “Toplantıda  iştirak edən müəllimlərimiz Aqil Əliyev, Nərgiz Məmmədova və mən də tələbəlik illərində sizlər kimi TEC-də aktiv iştirak edənlərdən olmuşuq. Bugünkü toplantımızın məqsədi TEC-ə yeni sədrin seçilməsi ilə əlaqədardır. Sədr seçilmək üçün 5 nəfər namizədliyini irəli sürüb. Onlar arasında biri sizin səsvermənin nəticələrinə uyğun olaraq sədr seçiləcək. Burada hamınız bir ailəsiniz. Məqsədimiz sədri şəffaf şəkildə sizin istəyinizə uyğun seçməyinizdir. Toplantıda iştirak edən hər bir tələbəni sədrlik postunda görürəm. Çünki sizin hər biriniz məsuliyyətlisiniz və üzərinizə düşən vəzifəni layiqincə yerinə yetirirsiniz.

Namizədliklərini irəli sürən tələbələrimiz platformalarını təqdim edib. Mən də, Nərgiz xanım da onlarla tanış olmuşuq. Onların hər biri TEC-də fəaliyyətləri olan tələbələrdir və beynəlxalq konfranslarda çıxış etmək təcrübəsinə malikdir. Çalışacağıq ki, yeni Əsasnaməyə uyğun olaraq, ədalətli seçki keçirilsin”.

ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova  çıxışında bildirdi ki,  sədr kimi namizədliklərini verən hər bir tələbələrimiz qabiliyyətli,  istedadlı və bacarıqlıdır: “ İstərdim ki, onların hər biri sədr seçiləndən sonra hansı işləri görəcək, hansı plan və ideaları həyata keçirəcəklər bu barədə toplantı iştirakçılarına məlumat versinlər. Sonra şəffaf şəkildə seçkilərimizi keçirək”.

II MPF TEC-in elmi rəhbəri, dosent Aqil Əliyev də öz çıxışında namizədliklərini irəli sürmüş tələbələrin platformaları ilə toplantı iştirakçılarının tanış olmasının vacibliyinə toxundu, sədr seçiləcək tələbəyə uğurlar arzuladı.

Sonra namizəd tələbələr – Leyla Səfərli, Əsmər Aslanlı, Xədicə Rzazadə, Zeynəb Əlizadə, Marvin Kabuye özləri, fəaliyyətləri, sədr seçilərlərsə görəcəkləri işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi.

23 nəfərin iştirakı ilə qapalı seçki keçirildi. Namizədlər arasında ən çox səs toplayan 5-ci kurs tələbəsi Leyla Səfərli 15 səslə sədr seçildi.

Toplantı zamanı II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova, II MPF TEC-in elmi rəhbəri, dosent Aqil Əliyev, ATU TEC-in sədri Həmid Səfərli Leyla Səfərlini sədr seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı, idarə heyətinin üzvlərinə öz təklif və tövsiyyələrini verdilər.