Azərbaycan Tibb Universitetində (ATU) startap mentorlarının hazırlanmasına yönəlmiş ASSIP TOT 2025 təlim proqramı başlayıb. Tədbir Akademik Sahibkarlıq Əsaslı Startap və İnkubasiya Proqramı (ASSIP) çərçivəsində həyata keçirilir və universitet müəllimlərinin, tədqiqatçılarının innovasiya bacarıqlarının inkişafını hədəfləyir.
Təlimlər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), Yeni Fikir və BMU Texnoparkının dəstəyi ilə təşkil olunub. Proqram 11–19 oktyabr tarixlərini əhatə edir. ASSIP TOT 2025-in rəsmi açılışı ATU-da baş tutub. Tədbirdə IDDA-nın nümayəndəsi Nigar Davud və Elmi Tədqiqatların İdarə olunması Departamentin müdiri, professor Eldar Qarayev iştirak ediblər.
Professor Eldar Qarayev çıxışında qeyd edib ki, proqram universitet mühitində elmi ideyaların innovativ həllərə çevrilməsində mühüm rol oynayacaq: “Bu cür təşəbbüslər elm və sahibkarlıq arasında körpü yaradır. Startap mentorlarının hazırlanması akademik innovasiyanın əsas dayaq sütunlarından biridir”.
ATU-nun startap proqramlarının koordinatoru, dosent Ayyat Cəfərova proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu təşəbbüs universitetdə innovasiya yönümlü düşüncə tərzinin inkişafına töhfə verəcək: “Bu, tibb universiteti üçün mühüm mərhələdir. Biz elə bir mentor komandası formalaşdırırıq ki, onlar tələbə və gənc tədqiqatçılara elmi ideyaları real texnoloji həllərə çevirməkdə dəstək olacaqlar.”
Qeyd edək ki, ASSIP TOT 2025 proqramı akademik sahibkarlığın müxtəlif istiqamətlərini əhatə edir. Təlimlərin əsas istiqamətləri R&D və innovasiya ekosistemi, TRL, MRL, CRI və MVP mərhələləri, Elmi tədqiqatların kommersiyalaşdırılması, Marketinq və SWOT təhliliKomanda quruculuğu və ideyaların validasiyası, İnvestisiyaların cəlbi və pitç texnikalarından ibarət olacaq.
Təlimlər innovasiya sahəsində təcrübəli mütəxəssislər İsa Qasımov, Sərdar Gökpınar və Murat Özlanlar tərəfindən aparılır.
Proqramın yekununda Azərbaycan Tibb Universitetində Startup Innovation Lab-ın yaradılması nəzərdə tutulur. Bu laboratoriyada universitet əməkdaşları, doktorantlar və tələbələr diaqnostika, profilaktika və müalicə sahələrində innovativ layihələr üzərində işləyəcək və mentor dəstəyi ilə startaplarını inkişaf etdirəcəklər. ASSIP proqramı universitetlərdə elmi potensialın kommersiyalaşdırılmasına və cəmiyyət üçün faydalı texnoloji həllərin yaradılmasına dəstək məqsədi daşıyır.