Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin III Beynəlxalq Konqresi keçirilib. Bu ilki konqres Cərrahiyyə sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan, 50 il əvvəl təsis olunmuş Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin (ICMFS) 33-cü Konqresi çərçivəsində baş tutub.
“Yeni elmi və praktiki üfüqlə addımlayırıq! ” şuarı altında keçirilən Elmi Forum çərçivəsində dünyanın tanınmış mütəxəssislərinin iştirakı ilə müxtəlif elmi sessiyalar və “Master Class”lar təşkil olunub.
Azərbaycan Tibb Universiteti, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov açılış nitqi ilə çıxış edərək, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti tərəfindən ənənəvi olaraq təşkil olunan bu mötəbər konqresin artıq 3-cüsünün Azərbaycanda keçirilməsindən böyük qürur və sevinc duyduğunu bildirdi: “Bu tədbir sadəcə bir elmi forum deyil – bu, həm də üz-çənə cərrahiyyəsi sahəsində bilik və təcrübə mübadiləsinin möhkəmləndirilməsi, tibb elminin yeni çağırışlarına birlikdə cavab axtarılması və peşəkar həmrəyliyin gücləndirilməsi üçün dəyərli bir platformadır. Konqres, eyni zamanda yerli mütəxəssislərimizin beynəlxalq elmi ictimaiyyətlə əlaqələrinin genişlənməsinə xidmət edir. Həmçinin dəyərli qonaqlarımız,sizlərin bu uzaq yoldan gələrək burada olmanız bir daha göstərir ki, elmin dili, sərhədi və məsafəsi yoxdur. Sizə səmimi təşəkkürümü bildirir və Azərbaycan elmi ictimaiyyətinə göstərdiyiniz maraq və dəstəyə görə minnətdarlığımı çatdırıram”.
Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli belə bildirib: “30-dan çox ölkədən qonaqlar tədbirə təşrif buyurub. Tam əminliklə deyə bilərik ki, tibb elmi və səhiyyə sahəsində ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Üçgünlük zəngin elmi proqram çərçivəsində plenar iclaslar, simpoziumlarla yanaşı, Azərbaycanda ilk dəfə olaraq beynəlxalq mütəxəssislərin iştirakı ilə üz cərrahiyyəsi və almacıq diş implantasiyasına dair iki kadavr kursu, həmçinin real pasiyentlər üzərində estetik təbabətə aid Master Klass keçiriləcək. Bu, gənc həkimlər və rezidentlər üçün böyük bir məktəbdir.”
Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov və Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışlarında bu ənənəvi görüşlərin üz-çənə cərrahiyyəsinin müxtəlif aspektlərini müzakirə etmək, çağdaş yanaşmaları paylaşmaq və birgə əməkdaşlıq üçün zəmin yaratmaq baxımından önəmli olduğunu vurğulayıblar.
Bu ilki konqresin beynəlxalq əhəmiyyət daşıması xüsusilə sevindiricidir. Tədbirdə 30-dan çox ölkədən (Özbəkistan, Hindistan, Rusiya, İspaniya, ABŞ, Türkiyə, Serbiya, Filippin, Kipr, Argentina, Braziliya, Polşa və İtaliya və.s) tanınmış mütəxəssislərin iştirak etməsi həmçinin 300-dən çox iştirakçının olması ölkəmiz üçün böyük şərəfdir.
Qeyd edək ki, elmi foruma qatılan mütəxəssislərin fəaliyyəti insanın həm zahiri görünüşünü, həm də sosial statusunu müəyyən edən ən mühüm anatomik sahələrdən birinin bərpası və təkmilləşdirilməsinə yönəlib.Konqresin elmi proqramı ağız və üz-çənə cərrahiyyəsi (dental implantologiya və parodontal cərrahiyyə daxil olmaqla), üzün estetik və rekonstruktiv cərrahiyyəsi, baş və boyun cərrahiyyəsi və onkologiyası, otorinolarinqologiya, cərrahiyyənin kompüter texnologiyalarla idarə olunması (CAD/CAM sistemləri və naviqasiya cərrahiyyəsi), dermatologiya və kosmetologiya kimi mövzuları əhatə edib. 3 gün davam edən Konqresin zəngin elmi proqramı, eləcə də təşkil olunan kadavr kursları və canlı pasiyent üzərində aparılan Master Klasslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ən yüksək – 35 DTT balı ilə akkreditasiya olunub.
Tədbir zamanı, Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin (ICMFS) Baş Assambleyası keçirilmişdir. Bu yığıncaqda, Professor Çingiz Rəhimov təşkilatın 1-ci Vitse-Prezidenti vəzifəsinə seçilmişdir.