Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində I Beynəlxalq "Qadın Sağlamlığı və Estetik Ginekologiya" Konqresi uğurla baş tutub.
Azərbaycan Tibb Universitetinin (ATU) I mamalıq-ginekologiya kafedrasının dosenti Sevinc İsmayılova tədbirdə universitetimizi təmsil edərək "Hamiləlik dövründə servikal sitologiyada anomaliyalar" mövzusunda elmi məruzə ilə çıxış edib.
Məruzədə hamiləlik zamanı uşaqlıq boynunun xərçəngönü xəstəliklərinin diaqnostikası və müalicəsinin çətinlikləri, həmçinin doğuş taktikasının seçilməsi məsələləri müzakirə olunub. Hamilə qadınlarda bu patologiyaların erkən aşkar olunmasının ümumi populyasiyaya nisbətən daha yüksək olduğu vurğulanıb.
Eyni zamanda, sitoloji skrininqin mütləq aparılması və kolposkopiyanın diaqnostik dəqiqliyi qeyd edilib. Hamiləlikdə servikal xəstəliklərə aqressiv müdaxilədən çox, konservativ müşahidənin üstünlük təşkil etdiyi bildirilib.
Sevinc İsmayılova çıxışının sonunda ATU-nun ginekologiya kafedrasındakı yeniliklər və Tədris-Cərrahiyyə Klinikasının ginekologiya şöbəsində yaradılan müasir şərait barədə də məlumat verib.