ATU professoru Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Özbəkistanın Daşkənd Əczaçılıq İnstitutunun təşəbbüsü ilə “Əczaçılıq sənayesinin mövcud vəziyyəti: problemlər və perspektivlər” mövzusunda VI Beynəlxalq elmi-praktik konfrans keçirilib

Tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki və vitse-prezidenti Məhbubə Vəliyeva da iştirak edib. Professor M.Vəliyeva konfransda “Biyan əsaslı lenfotrop dərmanların hazırlanması və onların əczaçılıq sənayesində tətbiqi” mövzusunda elmi məruzə ilə çıxış edib.

Beynəlxalq tədbirdə Özbəkistanın müvafiq nazirlik və idarələrinin nümayəndələri, Daşkənd Əczaçılıq İnstitutunun professor-müəllim heyəti, elmi-tədqiqat müəssisələrinin əməkdaşları, həmçinin Türkiyə, Danimarka, Koreya, Çin, Rusiya, Belarus, Azərbaycan, Hindistan, İran, Ukrayna, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan aparıcı alimlər iştirak ediblər.

Konfrans çərçivəsində əczaçılıq sənayesinin inkişafına dair yeni strategiyalar, beynəlxalq elmi əməkdaşlıq imkanları və yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində müasir yanaşmalar müzakirə olunub.

Tədbir zamanı Özbəkistanın Əczaçılıq sənayesinin inkişafı üzrə agentliyinin direktoru Abdulla Əzizov professor Məhbubə Vəliyeva ilə görüş keçirib. Görüşdə M.Vəliyeva son illər ərzində Özbəkistanın əczaçılıq sənayesində müşahidə olunan inkişafı yüksək qiymətləndirib. A.Əzizov isə “Tashkent Pharma Park” layihəsi çərçivəsində həyata keçirilən islahatlar və yeniliklər barədə ətraflı məlumat verib.

Görüş zamanı Azərbaycan Tibb Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistanın müvafiq qurumları arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi imkanları da müzakirə olunub.