Oktyabrın 13-17-də Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (“Defence Education Enchancement Programme – DEEP”) çərçivəsində tibb sahəsində ingilis dilinin inkişafı ilə bağlı kurs keçirilib.
Bolqarıstanın Varna Tibb Universitetinin Xarici dil təhsili, əlaqələr və idman kafedrasının müdiri, professor İlina Doykova müasir tibbi ingilis dilinin incəlikləri haqda dərslər keçib. Tədbirdə Hərbi tibb fakültəsinin zabit və kursant heyəti, həmçinin Xarici dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Qadaşova iştirak ediblər. Kursda müasir tibbi ingilis dilinin istifadəsi, xəstəliklərin adlandırılması, xüsusi nüans tələb edən qrammatik qaydalar ətraflı izah edilib və söhbətlər aparılıb. Əsas məqsəd beynəlxalq təcrübələrdən faydalanmaqla iştirakçıların ixtisas hazırlıqlarının yüksəldilməsi olub.
Dərsdən sonra Azərbaycan Hərb Tarixi, Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi və Azərbaycan Xalçaçılıq muzeylərinə dəvət olunan qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi barədə geniş məlumat verilib. Rəsmi şam yeməyində milli təamlarımızdan dadan qonaqlar, onlara göstərilən münasibətdən çox razı qaldıqlarını, insanlarımıza və şəhərimizin gözəlliyinə heyran olduqlarını, Azərbaycandan yüksək təəssüratlarla ayrıldıqlarını vurğulayıblar.