Sirroz – qaraciyərin qara bəxti

Professor Sədrəddin Atakişizadə ağrısız baş verən ağır xəstəlikdən danışır

 

Məlum olduğu kimi, ölkəmizdə qaraciyər sirrozunun əmələ gəlmə səbəbləri sırasında əsas yerlərdən birini virus hepatitləri tutur. O cümlədən alkoqollu içkilər, qaraciyərin piylənməsi də sonda sirroza gətirib çıxarır.

Xəstəlikdən qorunma yolları, müayinəsi, müalicəsi və digər məsələlərlə bağlı ətraflı məlumat almaq üçün Yoluxucu xəstəliklər kafedrasının professoru, həkim-infeksionist Sədrəddin Atakişizadə ilə əlaqə saxladıq.

Professor qaraciyər xəstəliklərinin günümüzün aktual problemlərindən olduğunu bildirdi: “Sirroz - hər hansı bir səbəbdən baş vermiş hepatitlərin qarşısı vaxtında alınmayanda, ondan sonrakı ağırlaşmadır. Qaraciyər toxumasının sərtləşməsi, bərkiməsi kimi özünü göstərir. El arasında “daşlaşma” da deyilir ki, bu da xəstəliyin ağırlaşma halı hesab olunur.

Cəmiyyətdə ən çox rastlaşdığımız virus mənşəli hepatitlərdir. Yəni B və C hepatitlərinə yoluxan insanlar arasında qaraciyər sirrozu xəstəliyi üstünlük təşkil edir. Bunun qarşısını vaxtında almaq üçün ilk növbədə etioloji faktoru, yəni törədici amili aradan qaldırmaq lazımdır. Araşdırma aparılmalı, hepatitin növlərinə uyğun olaraq, xəstə virus əleyhinə dərmanlarla müalicə olunmalıdır. Qaraciyər toxumasının zədələnməməsi üçün viruslar qanda dondurulmalıdır. Əks halda, həmin viruslar qaraciyər toxumasına daxil olur, orqanı dəyişikliyə uğradır. Dəyişiklikdən sonra qaraciyər hüceyrəsinin yerində məhv olmuş hüceyrələr bir-biri ilə birləşir və fibroz toxuma əmələ gətirir. Əgər sirrozun əmələ gəlməsi alkoqolla bağlıdırsa, xəstə spirtli içkinin qəbulunu qəti surətdə dayandırmalıdır. Antibiotiklərin uzun müddət istifadəsi də qaraciyəri zədələyir. Bu zaman toksiki sirrozun yaranmasına səbəb olur. Ona görə də dərman istifadəsi və toksiki qəbul edilən nə varsa, hamısı dayandırılmalıdır.

Bir də autoimmun hepatitləri var ki, bu da orqanizmin öz hesabına yaranır. Onun da qarşısı zamanında alınmalıdır ki, qaraciyərə qarşı aqressivlik göstərməsin”.

Professor qaraciyərin funksional pozğunluğu olmasın deyə, müalicəyə üstünlük verildiyini qeyd etdi. Söylədi ki, müalicəylə qaraciyərdə bərkimə, daşlaşma tam aradan qalxmasa da, prosesi dayandırmaq, xəstənin ömrünü uzatmaq mümkündür: “Bilirsiniz ki, qaraciyər orqanizmin irihəcimli orqanlarından hesab olunur və çoxlu sayda funksiyalar yerinə yetirir. Qaraciyər dözümlü orqandır. Əgər qaraciyərdə funksional pozğunluq baş verirsə, onun biokimyəvi göstəriciləri dəyişir.

Bəzən pasiyentlər deyir ki, həkim, mənim heç bir yerim ağrımır, amma analiz nəticələrində qaraciyər pozğunluğu aşkar olunub. Bu həqiqətən də belədir. Qaraciyər ağrısız orqandır, çünki onda ağrını keçirən sinir ucları yoxdur. Amma qaraciyər böyüyəndə və ya sərtləşəndə ağrı qaraciyərin kapsulunun gərilməsi nəticəsində baş verir. Bəzən xəstələr kürəklərinin sağ nahiyəsində ağrı hiss etdiklərindən şikayətlənirlər. Bu, kapsulun gərilməsi ilə əlaqədardır”.

S.Atakişizadə diqqətə çatdırdı ki, insanlar özlərində yorğunluq, halsızlıq, yuxululuq, ayaqlarda şişkinlik, gözlərdə və ya sidikdə sarılıq hiss edirsə, mütləq mütəxəssisə müraciət etməli, müayinə olunmalıdır. Çünki bunlar erkən simptomlardır. Əks halda, qan qusma, qarın boşluğunda mayenin toplanması, sidiyin qaralması, koma, qaraciyər xərçəngi və s. həyati təhlükəli ağırlaşmalar baş verə bilər.

Həkim-infeksionist bu cür xoşagəlməz hallarla qarşılaşmamaq üçün ildə bir dəfə infeksiyalara qarşı müayinə olunmağı tövsiyə edir: “Biz sirrozun bütün mərhələlərində - istər kompensasiya, istərsə də dekompensasiya mərhələsində olsun, xəstələrə yardım edə bilirik. Qaraciyər regenerasiya olunan orqandır. Amma fibroza uğramış qaraciyər toxuması özünü bərpa edə bilmir. Müalicə faydalı olmayanda isə, son addım kimi qaraciyər transplantasiyasını həyata keçirmək məcburiyyətində qalırıq”.