Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Ana və uşaqların sağlamlığı mövzusunda maarifləndirici seminar keçirilib. Tədbir “Ana və uşaqların yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən təşkil olunub.
Seminar Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin 2015-ci il üçün nəzərdə tutulmuş Fəaliyyət planına müvafiq keçirilib. Tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən "Diridoğulmanın beynəlxalq meyarlarının tətbiqi" ilə bağlı müxtəlif ölkələrin təcrübəsinə dair məlumatlar səsləndirilib.
Seminarda açılış nitqi ilə çıxış edən ATU Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Nuru Bayramov iştirakçıları salamlayaraq onlara tədbirin mövzusu ilə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, uşaq və yeniyetmələrin sağlamlığı ilə bağlı məsələlər Azərbaycanda hər zaman aktual olaraq qalmaqdadır.
“Bu məsələ dövlətimizin daim diqqət mərkəzindədir. Bu istiqamətdə onlarla qanun və qərar qəbul olunmuş, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2013 və 2014-cü illərdə iki çox önəmli sənəd-“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub”.
N.Bayramov qeyd edib ki, ana və uşaqların sağlamlığının qorunması sahəsində çalışan həkim və orta tibb işçilərinin davamlı tibbi təhsilinin (təlimlərin və klinik təcrübələrin) həyata keçirilməsi, tibbi təhsil sahəsində tədris proqramlarının diridoğulmanın beynəlxalq meyarlarına uyğun olaraq təkmilləşdirilməsi çox vacibdir:
“Qarşıya qoyulan məqsədlərin reallaşdırılması, təlimlərin təşkili üçün Tədris Cərrahiyyə Klinikasında həm klinik, həm də tədris üçün şərait var. Tibb Universitetinin klinikası olaraq bu proqramın şərtlərinin həyata keçirilməsində aktiv iştirak etməyə hazırıq”.
Tədbirdə daha sonra vurğulandı ki, bütövlükdə səhiyyə ilə bağlı qəbul edilmiş 10-dan çox Dövlət Proqramının hamısında uşaqların sağlamlıq problemlərinə xüsusi yer ayrılıb. 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub. Səhiyyə Nazirliyinin apardığı ardıcıl və məqsədyönlü işlər nəticəsində uşaq sağlamlığı ilə bağlı bir çox nailiyyətlər əldə edilib.