Ginekoloq Səidə Vəliyeva qadınlar üçün vacib müayinə metodlarından danışır
Sağlamlığın qorunmasında, xəstəliklərin vaxtında müəyyənləşməsində erkən diaqnostika böyük önəm daşıyır. Ginekologiyada PAP test (və ya Papanikolau testi, Pap-smear) bu sahədə ən etibarlı skrininq üsullarından biridir. Uşaqlıq boynundakı hüceyrə dəyişikliklərini vaxtında aşkarlayan bu test sayəsində servikal xərçəngin ilkin mərhələlərində müəyyənləşdirilməsi mümkündür.
Azərbaycan Tibb Universitetinin I Mamalıq-Ginekologiya kafedrasının assistenti, ginekoloq Səidə Vəliyeva bildirir ki, PAP test qadınlarda uşaqlıq boynu xərçənginin erkən aşkarlanması üçün aparılan sadə, ağrısız və çox vacib laborator müayinə üsuludur. PAP test nəticəsində onkoloji markerlərin pozitiv çıxması, hüceyrələrdə atipik və ya displastik dəyişikliklərin olduğuna işarədir:
“PAP test – sadə, ağrısız, amma həyati vacib müayinədir”
- Bu, qadının xərçəngə meyilli vəziyyətə malik olduğunu göstərir, mütləq xərçəng olduğu mənasına gəlmir. Müayinələr nəticəsində ən çox rast gəlinən markerlərdən biri Human Papilloma Virusunun (HPV) yüksək riskli tipləridir – xüsusilə 16 və 18 növləri. Bunlar servikal xərçəngin əsas səbəbkarlarıdır. Bundan əlavə, p16, Ki-67 və Squamous Cell Carcinoma antigen (SCC) kimi markerlər hüceyrə bölünməsi və dəyişikliklərini qiymətləndirməyə kömək edir.
“Pozitiv test nəticəsi - xərçəng deyil”
-PAP test nəticəsində onko markerlər pozitiv olduqda, qadınlar çox narahat olur, bəziləri hətta depressiyaya düşür, artıq mütləq xərçəng olacaqlarını düşünürlər. Bu halda növbəti addımlar nə olmalıdır?
- Əgər test nəticələrində dəyişiklik olarsa, panikaya düşmək lazım deyil – vaxtında müayinə və izləmə ilə bu hallar nəzarətdə saxlanıla bilər. Belə halda əlavə müayinə və izləmə mütləqdir. Uşaqlıq boynunda şübhəli dəyişikliklər aşkarlandıqda, ilk növbədə kolposkopiya aparılır. Bu, uşaqlıq boynunun daha dəqiq optik müayinəsidir. Lazım gəldikdə biopsiya götürülür və nəticələrə əsasən müalicə planlaşdırılır.
- Bəzən xanımlar həkimlərdən gileylənirlər. Deyirlər ki, hər 6 aydan bir USM müayinəsindən keçiblər, heç bir problem aşkarlanmayıbsa, birdən-birə hüceyrə dəyişiklikləri, xərçəngönü durum necə yarana bilər?
-Xanımlar bilməlidir ki, ultrasəs müayinəsi təkbaşına tam diaqnostik vasitə deyil. Bəzən ciddi patologiyalar USM-də görünməyə bilər. Buna görə də ginekoloji sağlamlığın qiymətləndirilməsində PAP test, HPV testi, kolposkopiya və ginekoloji müayinə kimi kompleks yanaşma zəruridir.
Xərçəng və digər ciddi xəstəliklər çox vaxt erkən mərhələdə simptomsuz olur. Yalnız müntəzəm müayinələr sayəsində vaxtında aşkarlanaraq qarşısı alınması mümkündür. Odur ki, heç bir əlamət olmadığı halda belə hər 9 aydan bir PAP testdən keçməsi, 40 yaşadək xanımların isə HPV peyvəndi etdirməsi məsləhətdir.
“HPV virusu əlamətsiz olduğuna görə geniş yayılıb”
-Yeri gəlmişkən, HPV virusunun geniş yayılmasına səbəb nədir. Niyə qadınlar bundan qətiyyən şübhələnmir və virus orqanizmə oturuşduqdan sonra xəbər tuturlar?
-HPV müasir dövrün ən geniş yayılmış viruslarından biridir və çox zaman heç bir əlamət vermir. Ona görə də xəstələr heç nədən şübhələnmirlər. Əslində, bu virusun bir çox tipləri ciddi problem yaratmır, immunitet güclü olduqda, orqanizm özü virusun öhdəsindən gəlir və onu bədəndən atır. Lakin bəzi tipləri (xüsusilə 16, 18, 32) illərlə orqanizmdə qalarsa, nəticədə xərçəngə səbəb ola bilər. Ona görə də HPV testi və vaksinasiyası çox vacibdir.
-HPV virusu pozitiv çıxan, PAP testdə də dəyişiklik aşkarlansa, kolposkopik müayinə də ürəkaçan olmadı. Hansı müalicə metodu seçilir?
- Kolposkopiya zamanı ciddi dəyişikliklər aşkar edilərsə, biopsiya götürülür. Nəticələrə əsasən müalicə planlanır. Əgər digər bölgələrdə — məsələn, anal bölgədə və ya yoğun bağırsaqda da risk müşahidə olunursa, koloproktoloqla birgə müayinələrə başlanılır. Bu çox dissiplinar yanaşma xəstənin təhlükəsizliyi və erkən diaqnoz üçün vacibdir.
-Sonda nə məsləhət görərdiniz, hansı yaşdan etibarən ginekoloqun qapısını tez-tez döyməyə başlamalıyıq?
- Qadın orqanizmi fərdi və mürəkkəb bir sistemdir. Eyni simptom fərqli qadınlarda tamam ayrı səbəblərdən qaynaqlana bilər. Odur ki, heç vaxt başqasının təcrübəsinə əsaslanıb müalicə seçməyin, həkimə gedin.
“Profilaktik müayinə – həyat qurtarır”
Ümumiyyətlə, 20 yaşdan yuxarı yaşlarda mütəmadi olaraq PAP testdən keçmək – ən azı 3 ildə bir dəfə test etdirmək məsləhətdir. 35-40 yaşlarından sonra periodiklik də artmalıdır, ən geci ildə bir dəfə. PAP testi ilə yanaşı HPV virusunun da yoxlamaq olar. Əgər virus yoxdursa, gənc yaşlarda peyvənd olunmaq çox vacibdir. Artıq intim həyata başlamayan qızlarda, aşağı yaşlarda belə peyvənd tətbiq olunur. Ümumiyyətlə HPV peyvəndi oğlanlara da edilir.
Adətən xərçəng və digər ciddi ginekoloji xəstəliklər ilkin mərhələdə simptomsuz gedir. Yalnız müntəzəm müayinələrlə bu dəyişikliklər vaxtında aşkarlanıb qarşısı alına bilər. Odur ki, özünüzə və qadın sağlamlığınıza biganə yanaşmayın. Ginekoloqa getmək təkcə xəstəlik zamanı yox, sağlam qalmaq üçün də lazımdır. Xəstəlik olmasa belə, profilaktik müayinələr həyat qurtarır.