Dünən Azərbaycan Tibb Universitetində (ATU) Avropa Komissiyasının “Erasmus Plus” proqramının Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov və ofisin digər təmsilçiləri ilə görüş keçirilib.
ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Dos. Rəhimə Qabulova və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Dos. Nadir Zeynalov qonaqlarla Tədris-Cərrahiyyə Klinikasında görüşüblər.
Görüş zamanı ATU-nun 2011-2014 illərdə iştirak etdiyi MUMEENA layihəsinin nəticələri müzakirə olunub.
Proqram təmsilçilərinə görülən işlər, Klinik hadisələr üzərində klinik əsaslandırma (CBCR), tədqiqat vərdişlərinin və geriatriyanın tədrisi istiqamətində atılmış addımlar barədə məlumat verilib.
MUMEENA layihəsinin Azərbaycan Tibb Universitetinə verdiyi tövhə yüksək qiymətləndirilib. Həmçinin, gələcəkdə Tibb Universitetinin “Erasmus Plus” proqramı çərçivəsində yeni layihələrə qoşulmasının vacibliyi xüsusi vurğulanıb.
Qonaqlar həmçinin sözügedən layihə çərçivəsində yaradılmış Müəllimlərin Təlim Mərkəzinə və həmin mərkəz üçün alınmış avadanlığa baxış keçiriblər. Layihənin yekunları müsbət qiymətləndirilib və Mərkəzdə yüksək səviyyəli şəraitin yaradıldığı qeyd olunub.