Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə görkəmli alim, akademik Mustafa Topçubaşovun 130 illik yubileyi qeyd olunur. Bu münasibətlə Azərbaycan Tibb Universitetində silsilə tədbirlər həyata keçirilir.
Universitetin kitabxanasında akademik Mustafa bəy Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş xüsusi guşə–stend hazırlanıb. Guşədə alimin çoxşaxəli elmi və pedaqoji fəaliyyətini əks etdirən foto stendlər, onun haqqında yazılmış kitablar və elmi yaradıcılığını özündə cəmləyən nəşrlər sərgilənir.
Ulu öndər Heydər Əliyev Azərbaycan tibb elminin nəhəngi, akademik Mustafa Topçubaşovu bu sözlərlə yad edib: “Onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz, milli iftixarımızdır”.
Qeyd edək ki, M. Topçubaşov 200-dən artıq elmi işin, o cümlədən beşcildlik “Xüsusi cərrahiyyə” əsərinin, yeddi monoqrafiyanın, eləcə də bir sıra kəşf və ixtiraların müəllifidir. Guşədə nümayiş olunan 1935-ci ildə yazdığı dissertasiya işi tələbələr tərəfindən böyük maraqla qarşılanır.
Bu maraq bir daha sübut edir ki, böyük alimlərin izi zamanla silinmir — onların əməyinin nuru bu gün də gələcək nəsillərə yol göstərir.
Mustafa Topçubaşov yalnız görkəmli cərrah və alim deyil, həm də elmə, insanlığa və vətənə sədaqətin rəmzidir. Onun zəngin irsi Azərbaycan tibb elminin qürur mənbəyi, gələcək nəsillər üçün isə əsl ilham qaynağıdır.