Rektor, professor Gəray Gəraybəyli Elmi Şurada bildirib ki, ATU kəmiyyət naminə keyfiyyətdən imtina etməyəcək
Oktyabrın 28-də Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan rektor, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırdıqdan sonra İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyevanın “İctimai səhiyyə fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlanmasının yaxşılaşdırılması işində kollektiv qarşısında duran vəzifələr” barədə hesabat məruzəsi dinlənilib.
Son illər universitetimizdə iqtisadiyyatın, əmək bazarının və cəmiyyətin tələbatını nəzərə alaraq yeni təhsil proqramları və yeni ixtisasların yaradılması istiqamətində ciddi islahatlar aparıldığını söyləyən dekan bildirib ki, yeni ixtisasların yaradılmasında məqsəd dünya təhsil ictimaiyyətinə inteqrasiyadır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə bağlı Sərəncamına əsasən, ATU-nun rəhbərliyi islahatlar çərçivəsində dünyada mövcud olan ixtisaslara uyğunluğu təmin etmək məqsədilə “Tibb bacısı (qardaşı) işi”, “Fizioterapiya və tibbi reabilitasiya” və “İctimai səhiyyə” kimi yeni ixtisasların yaradılması barədə qərar qəbul edib”.
Q.Qəniyeva 2020-ci ildən fakültədə “Tibbi profilaktika” ixtisası ilə yanaşı, Təhsil Nazirliyinin qərarına əsasən, yuxarıda qeyd olunan yeni ixtisaslar üzrə də kadr hazırlığının həyata keçirildiyini vurğulayıb.
Fakültənin nəzdində 9 kafedranın fəaliyyət göstərdiyini və həmin kafedralarda 20-si professor, 57-si dosent, 27-si baş müəllim və 56-sı assistent olmaqla ümumilikdə 160 nəfərdən ibarət professor-müəllim heyətinin çalışdığını diqqətə çatdıran dekan, hesabat dövründə fakültədə tələbələrin 4 ixtisas üzrə hazırlandığını deyib. Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində fakültədə təhsil alan 641 tələbənin 49%-i “İctimai səhiyyə”, 24% -i “Tibb bacısı işi”, 22%-i “Fizioterapiya və tibbi reabilitasiya”, qalan 5%-i isə “Tibbi profilaktika” ixtisası üzrə, o cümlədən fakültə üzrə 92% tələbə dövlət sifarişi əsasında oxuyur.
Q.Qəniyeva söyləyib ki, yeni ixtisaslara qəbul balları kifayət qədər yüksəkdir. 2023-2024-cü tədris ilindən “İctimai səhiyyə” və “Tibb bacısı işi” ixtisasları üzrə qəbul planı artırılıb, müvafiq olaraq əlavə 10 və 20 yer ayrılıb.
2020-2025-ci illəri əhatə edən hesabatda fakültə məzunlarının sonrakı taleyinin izlənildiyinə dair statistik məlumatlar da öz əksini tapıb. Belə ki, 2024-2025-ci tədris ilində işlə təmin edilənlər 41%, magistratura və rezidentura pilləsinə (yerli və xarici) qəbul olunanlar 30%, 2-ci təhsilə (tibb və stomatologiya) başlayanlar 16%, digərləri 13% təşkil edib.
2023-cü ildə universitetin inkişaf strategiyası təsdiq edilib və bununla əlaqədar fakültədə İnkişaf strategiyasının həyata keçirilməsi üzrə komissiya yaradılıb.
Fakültə dekanı tələbələrin təcrübi bacarıqlarının yaxşılaşdırılması məqsədilə həm tədris, həm istehsalat təcrübəsi, həm də kurikulumdan kənar təcrübə bazalarının nəzərdən keçirildiyini və yeniləndiyini də diqqətə çatdırıb. Eyni zamanda müasir təhsilin tələblərindən biri olan mübadilə proqramlarında tələbələrin və müəllimlərin iştirakının vacibliyinə toxunaraq, bu istiqamətdə aparılan işlərin əhəmiyyətindən danışıb.
Hesabatda məzunların istehsalat təcrübəsi və yekun qiymətləndirilməsi, ixtisas üzrə müvəffəqiyyət göstəriciləri haqda məlumat öz əksini tapıb. Dekan görülən işləri ümumiləşdirmək üçün ixtisaslar üzrə SWOT analizini (təhlil) təqdim edib: hər bir ixtisasın güclü və zəif tərəfləri, imkanlar və təhlükə. Sonra Fakültə Elmi Şurası və TEC-in fəaliyyətinə, elmi-tədqıqat və tələbələrlə aparılan tərbiyəvi işin vəziyyətinə geniş yer ayrılıb.
Məruzənin sonunda o da vurğulanıb ki, sosial şəbəkələrdə fakültənin səhifələri aktiv fəaliyyət göstərir. Fakültənin gündəlik həyatı bu səhifələrdə öz əksini tapır və məqsəd tələbələrə daha yaxın olmaq, onları birləşdirmək, eyni zamanda ictimaiyyəti məlumatlandırmaqdır.
Məruzə ətrafında çıxış edən Ailə təbabəti kafedrasının müdiri, professor İbrahim İsayev bildirib ki, fakültənin nəzdində fəaliyyət göstərən “Tibb bacılığı işi” ixtisası üzrə tədrisin təşkili xüsusi önəm daşıyır: “Əvvəllər bu ixtisas üzrə ölkədə nə tədris planı, nə proqram, nə də dərslik mövcud olub. Kafedranın əməkdaşları Avropa və Türkiyə universitetlərinin təcrübəsindən yararlanaraq dörd fənn üzrə proqram və sillabuslar hazırlayıb, dörd dərslik çap etdiriblər. Nəticədə imtahanların təşkili səmərəli həyata keçirilir, tələbələrin biliklərinin qiymətləndirilməsi iki formatda aparılır. Hazırda dərslər yüksək səviyyədə, həm yerli, həm də xarici tədris vəsaitlərindən istifadə etməklə aparılır”. Ölkədə bu ixtisas üzrə yeni rəqabət mühitinin yarandığını söyləyən professor, gələcəkdə ayrıca kafedranın açılmasını məqsədəuyğun hesab etdiyini diqqətə çatdırıb.
Hesabatın yüksək səviyyədə hazırlandığını bildirən Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev Qalina xanımı uzun illərdir tanıdığını və onun peşəsinə sadiq, işini dərindən bilən bir mütəxəssis olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir elm sahəsinin öz predmeti olduğu kimi, insanın da öz peşəsinə yanaşma tərzi onun bilik və intellekt səviyyəsinin göstəricisidir.
Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova əvvəlki natiqlərin fikirlərini dəstəkləyərək hesabatı yüksək qiymətləndirib. O, fakültənin son illərdə yeni ixtisasların və fənlərin tədrisinə başlayaraq böyük məsuliyyət və əmək tələb edən işlərin öhdəsindən layiqincə gəldiyini söyləyib: “Fakültə hazırda dəyişikliklərin və yeniliklərin tətbiq olunduğu çətin dövrü yaşayır, lakin dekanlıq bu prosesi uğurla idarə edir. Fakültə ilə kafedralar arasında səmərəli əməkdaşlıq qurulur və bu əməkdaşlıq ümumi uğurlara müsbət təsir göstərir”.
Müzakirələri yekunlaşdıran rektor, professor Gəray Gəraybəyli qeyd edib ki, son illərdə ən sürətlə inkişaf edən fakültələrdən biri məhz İctimai səhiyyə fakültəsidir. Digər fakültələrdə proqramlar yenilənsə də, yeni ixtisasların və istiqamətlərin açılması, gələcəkdə yeni kafedraların yaradılması baxımından ən geniş imkanlar məhz bu fakültədə mövcuddur.
Səhiyyənin əmək bazarında yeni tələblərin formalaşdığına diqqət çəkən rektor vurğulayıb ki, universitet bu prosesdən geri qalmamalıdır. Fakültədə son 5 ildə mühüm islahatların həyata keçirildiyini, yeni ixtisasların yaradıldığını və tədris keyfiyyətinin yüksəldiyini müsbət hal kimi dəyərləndirən universitetin rəhbəri bildirib ki, sadalananların bir göstəricisi də qəbul ballarının ilbəil artmasıdır.
Professor G.Gəraybəyli onu da xatırladıb ki, bu ildən etibarən bir neçə yeni magistratura proqramı açılsa da, bəzi ixtisaslarda hələ də qəbul azdır: “Bu ilkin mərhələ üçün təbii hal hesab olunsa da, müəllim bazasının və tədris infrastrukturunun gücləndirilməsi, xüsusən tibb bacılığı və fizioterapiya ixtisaslarında kadr çatışmazlığının mərhələli şəkildə aradan qaldırılması mühüm məsələdir”.
Rektor bu ixtisasların beynəlxalq akkreditasiyaya hazırlanmasının vacibliyini qeyd edərək, bunun fakültənin nüfuzunu daha da artıracağını, beynəlxalq mübadilə proqramlarında fakültənin əməkdaşları və tələbələrinin iştirakına müsbət təsir edəcəyini vurğulayıb.
Yekun nitqində universitetin inkişafında keyfiyyət prinsipinin əsas prioritet olduğunu bir daha xatırladan rektor qeyd edib ki, keyfiyyəti qorumaq üçün kəmiyyətdən imtina etməli olsaq belə, bu yoldan dönməyəcəyik. Rektor tələbələrin imtahanlarla bağlı müraciətlərinə də toxunaraq, imtahanların sadələşdirilməsi və ya hazır PDF materiallarının paylanmasının universitetin tədris siyasətinə uyğun olmadığını şura üzvlərinin diqqətinə çatdırıb.
Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra digər məsələlərə baxılıb. Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Tibb Universitetinə göndərilən metodik vəsaitlərin ətraflı şəkildə qiymətləndirilməsi üçün aidiyyəti üzrə kafedralardan verilən rəyə uyğun qərar qəbul edən Böyük Elmi Şura dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşri məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.