Oktyabrın 27-də ATU-nun Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsi və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Denosumab və Bisfosfonatların təsir mexanizmi. Fərqlər və müalicə seçimi” mövzusunda rezidentlər üçün növbəti seminar keçirilib.
Seminarın moderatoru, Rezidentura və magistratura şöbəsinin müdir müavini, Uşaq cərrahiyyəsi kafedrasının assistenti dr. Namiq Xəlilov rezidentlərin bilik və bacarıqlarının artırılmasında belə seminarların önəmini vurğulayıb. O, bifosfonatlarla denosumabın osteoporozun müalicəsində yüksək effektiv preparatlar oldugunu bildirərək mövzunun tibbi praktikada xüsusi aktuallıq daşıdığını deyib. Qeyd edib ki, bu cür seminarlar gənc həkimlərin nəzəri biliklərini artırmaqla yanaşı, onların klinik qərarvermə bacarıqlarını və kritik situasiyalarda düzgün yanaşma qabiliyyətini möhkəmləndirir.
Klinikanın baş həkimi Fəridə Hacıyeva bu formada təşkil olunan seminarların rezidentlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini, ona görə də davamlı şəkildə keçirildiyini bildirib. Hər zaman təşəbbüskarlıq göstərərək aktual mövzularda maraqlı təqdimatlar edən rezidentlərə uğurlar arzulayıb.
Çıxışı zamanı terapiya seçiminin fərdi yanaşma tələb etdiyini söyləyən Endokrinologiya şöbəsinin müdiri Səbinə Məşədiyeva - Bayramova xəstənin vəziyyəti, üstünlükləri və müalicə rejiminə riayət etmə imkanlarını nəzərə almağın vacibliyini diqqətə çatdırıb.
Seminar çərçivəsində məruzəni endokrinologiyası ixtisası üzrə IV kurs rezidenti Ləman Həsənova təqdim edib. O, çıxışında vurğulayıb ki, Bisfosfonatlar osteoporozun müalicəsində, xüsusilə sınıq riski aşağı olan xəstələrdə birinci seçim preparatları hesab olunur. Onların üstünlüyü əlçatanlıqda, uzunmüddətli təsirdə və sübut olunmuş effektivlikdədir. Denosumab isə sürətli və güclü təsir göstərən dərmandır və yüksək sınıq riski, böyrək çatışmazlığı və ya bifosfonatlara əks göstəriş hallarında üstünlük təşkil edir.
Seminarda II Daxili xəstəliklər kafedrasının professoru Sain Səfərova, həkim-müəllimlər, endokrinologiya və daxili xəstəliklər üzrə həkim-rezidentlər də çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Müzakirələr zamanı mövzunun klinik praktikadakı rolu, laborator diaqnostikanın imkanları və tətbiq olunan müasir yanaşmalar geniş şəkildə işıqlandırılıb. Eyni zamanda, müəllimlər məruzəçi Ləman Həsənovaya mövzu ilə bağlı müxtəlif suallar ünvanlayaraq, onun bilik və bacarıqlarını daha da dərindən nümayiş etdirməsinə şərait yaradıblar.
İnteraktiv şəraitdə keçən seminarda klinikanın rezidentləri iştirak ediblər.