ATU-nun II Uşaq xəstəlikləri kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Səbinə Cəfərova ABŞ-ın aparıcı tibb müəssisələrindən biri olan Filadelfiya Uşaq Xəstəxanasında (Children’s Hospital of Philadelphia, CHOP) keçirilən Pediatriya Təhsilində Beynəlxalq Müşahidə Proqramında (Global Pediatric Education Program) uğurla iştirak edib.
Proqram dünyanın 26 ölkəsindən olan müxtəlif ixtisaslı pediatrların və tibb mütəxəssislərinin iştirakı ilə keçirilib. İştirakçılar xəstəxananın müxtəlif pediatriya bölmələrində klinik müşahidələr apararaq, diaqnostika və müalicə proseslərini izləyib, müasir tibbi texnologiyaların tətbiqi ilə tanış olublar. Layihənin əsas məqsədi beynəlxalq tibb təcrübəsini paylaşmaq, həkimlər arasında bilik mübadiləsini genişləndirmək və pediatriya sahəsində yüksək peşəkarlığın təşviqinə nail olmaqdır. Filadelfiya Uşaq Xəstəxanasının tədris və tədqiqat mühiti həkimlərin yalnız elmi biliklərinin artırılmasına deyil, həm də etik davranış, empatiya və komanda işinə dair bacarıqlarının inkişafına yönəlib.
Səbinə Cəfərova proqram çərçivəsində xəstəxananın müxtəlif bölmələrində klinik müşahidələr aparıb, müasir pediatrik yanaşmalarla tanış olub, multidissiplinar komanda işinin təşkili və pasiyent yönümlü xidmət prinsiplərinin tətbiqi üzrə təcrübə qazanıb. O, həmçinin “Azərbaycanda pediatrik xidmətin təşkili” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və proqramın təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib və müvafiq sertifikatlarla mükafatlandırılıb . Təcrübəsini dəyərləndirən t.ü.f.d. Səbinə Cəfərova bildirib ki, bu proqram onun peşəkar inkişafına mühüm təsir göstərib: “Filadelfiya Uşaq Xəstəxanasında iştirak etdiyim beynəlxalq proqram mənə bir daha göstərdi ki, pediatriyada əsas məqsəd hər bir uşağa fərdi yanaşma, ailə ilə qarşılıqlı əməkdaşlıq və humanist dəyərlərə sadiqlikdir. Burada qazandığım bilik və bacarıqları Azərbaycanda uşaq sağlamlığı xidmətinin təkmilləşdirilməsində tətbiq etməyi planlaşdırıram. Əminəm ki, bu təcrübə ölkəmizdə pediatrik xidmətin keyfiyyətinin yüksəldilməsinə və gənc həkimlərin beynəlxalq təcrübəyə inteqrasiyasına mühüm töhfə verəcək”.
Müasir tibb elmi daim yenilənən bilik və bacarıqlar tələb edir. Bu baxımdan dünyanın ən qabaqcıl uşaq klinik mərkəzlərindən biri olan Filadelfiya Uşaq Xəstəxanası, əməkdaşımız üçün həm nəzəri, həm də pasiyent yönümlü praktik biliklərin dərinləşdirilməsinə şərait yaradaraq, əvəzsiz təcrübə platforması olub.