ATU-da “Huma quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

Oktyabrın 30-da Azərbaycan Tibb Universitetində “Huma quşu” Təhsilə Yardım Fondunun təqdimat tədbiri keçirilib

Tədbiri Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov açaraq qeyd edib ki, bu cür görüşlər tələbələrin dünyagörüşünün formalaşmasına, onların elmi və praktiki biliklərinin, həmçinin sosial məsuliyyət hissinin inkişafına mühüm töhfə verir. Prorektor bildirib ki, tələbələrin dərsdənkənar maarifləndirici tədbirlərdə iştirakı onların peşəkar və mənəvi inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Daha sonra tədbirdə fondun idarə heyətinin üzvləri - Nigar Babazadə, Səidə Abdullayeva və Xumar Hüseynova çıxış ediblər. Onlar fondun yaranma tarixi, məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Qeyd olunub ki, fond Qırmızı Xaç təşkilatında çalışarkən humanitar missiya zamanı həlak olmuş Humay Babazadənin xatirəsinə yaradılıb. Onun ailəsi və yaxın dostları Humay xanımın elmə, savada və insanlara kömək etməyə olan sevgisini yaşatmaq məqsədilə bu fondu təsis ediblər.

Çıxışlarda vurğulanıb ki, fondun əsas məqsədi akademik göstəriciləri yüksək, lakin maddi imkanı məhdud olan tələbələrə təhsillərini davam etdirməkdə dəstək göstərməkdir. Fondun fəaliyyəti şəffaflıq, könüllülük və hesabatlılıq prinsiplərinə əsaslanır. Təqaüd ayrılarkən tələbələrin akademik göstəriciləri ilə yanaşı, mənəvi dəyərləri, sosial aktivliyi və cəmiyyət üçün faydalı təşəbbüsləri də nəzərə alınır.

Heyət üzvləri bildirib ki, bu günə qədər fondun dəstəyi ilə 50-dən çox gənc həm Azərbaycanda, həm də xarici ölkələrdə - Almaniya, Türkiyə kimi dövlətlərdə təhsilini davam etdirir. Həmçinin fondun Qarabağ qaziləri üçün İT təhsil proqramı, mentorluq təşəbbüsləri və xaricdə təhsil dəstəyi kimi müxtəlif layihələri uğurla həyata keçirilir. Layihələrin ümumi dəyəri 200 min manata yaxın olub.

Tədbir çərçivəsində Humay Babazadənin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Sonda isə fondun təqaüd proqramına müraciət qaydaları barədə məlumat verilib və tələbələrin sualları cavablandırılıb. Görüş zamanı tələbələrdən biri gələcəkdə əmək fəaliyyəti ilə məşğul olarkən öz maaşından fonda ianə etmək istədiyini bildirib ki, bu da tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.