Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Klinikanın 5 illik fəaliyyətinə həsr olunan iclas keçirildi.
Klinikanın direktoru professor Surxay Musayev hər kəsi salamlayaq iclasın Klinikanın 5 illik fəaliyyətinə baxış məqsədi daşıdığını söylədi. Direktor öncə II Daxili Xəstəliklər Kafedrasının müdiri, professor Vəsadət Əzizovu anadan olmasının 60 illiyi münasibətilə kollektiv adından təbrik etdi.
Daha sonra məruzə ilə çıxış edən S.Musayev 2010-cu ilin Oktyabr ayının 1-də ölkə başçısı cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Klinikanın təntənəli açılış mərasiminin keçirildiyini söylədi. 5 il ərzində bir çox uğurlara imza atıldığını söyləyən direktor bu işdə peşəkar və savadlı kollektivin rolunu xüsusi vurğuladı. S.Musayev qarşıya qoyulmuş bir çox məqsədlərə nail olunduğunu lakin görüləcək işlərin də hələ çox olduğunu vurğuladı.
Daha sonra çıxış edən kafedra müdirlərindən professor Əlihüseyn Hidayətov, professor Amaliya Əyyubova, professor İsfəndiyar İsmayılov, Ürək-Damar mərkəzinin rəhbəri dosent Fərid Əliyev Klinikanın 5 il ərzində inkişaf edərək ən müasir standartlara cavab verən bir mərkəzə çevrildiyini vurğuladılar.
Tibb Universitetinin tədris işləri üzrə prorektoru professor Sabir Əliyev Klinikada müalicə işlərinin ən müasir standart və protokollara uyğun aparıldığını, görülən işlər barədə ictimaiyyətin daha ətraflı məlumatlandırılmasının vacibliyini vurğuladı, qazanılmış təcrübənin tədris prosesinə tətbiqi istiqamətində müvafiq tövsiyələrini verdi.
Sonda professor Surxay Musayev hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik etdi, kollektivə yeni uğurlar arzuladı.
Toplantıda kollektivə özündə Klinikanın simvollarını əks etdirən hədiyyələr də təqdim olundu.