Qazaxıstanın Almatı şəhərində VII Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi keçirilib
Nüfuzlu elmi tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının əməkdaşları, kafedra müdiri, professor, t.e.d. Aytən Məmmədbəyli, dosent, t.ü.f.d. Səhla Məmmədova və assistent, t.ü.f.d. Nuridə Tağıyeva elmi məruzələrlə çıxış ediblər.
Azərbaycanlı mütəxəssislərin təqdimatlarında dağınıq skleroz xəstəliyində süni intellekt texnologiyalarının tətbiqi, eləcə də Azərbaycanda multipl sklerozun epidemiologiyası, yayılma dinamikası və görülmə tezliyi kimi aktual mövzular müzakirə olunub.
Konqres çərçivəsində türk dünyasının müxtəlif ölkələrindən olan alimlər arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsi aparılıb, gələcək birgə tədqiqat istiqamətləri üzrə yeni təşəbbüslər irəli sürülüb.
Azərbaycan nümayəndə heyətinin konqresdə iştirakı ölkəmizin nevroloji elmlər sahəsindəki elmi potensialının tanıdılması və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.