Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetində görkəmli alim, tanınmış cərrah və böyük ictimai xadim, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş “Mustafa Topçubaşov: Akademik irs – 130” adlı elmi-praktik konfrans keçirilib. Tədbir Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransın açılış mərasimindən sonra və növbəti gün ərzində müasir tibb elminin ən dinamik və inkişaf edən sahələrindən biri olan cərrahiyyə üzrə bir sıra aktual mövzular müzakirəyə çıxarılıb.
“Torakal cərrahiyyədə elm və təcrübənin vəhdəti” sessiyasında (moderatorlar: professor Elçin Ağayev və professor Eldar Əliyev) “Ürəyin birincili və metastatik şişlərinə müasir yanaşma” (professor Kamran Musayev), “Uşaqlarda döş qəfəsinin patologiyalarının müalicəsində minimal invaziv cərrahiyyənin rolu” (professor Ramiz Poluxov), “Döş qəfəsinin invaziv radiologiyası torakal cərrahiyyədə nələri dəyişdirdi” (Nicat Alışov, Bakı Medical Plaza Klinikası), “İnteqrativ baxış: pelviko abdominal sahələrdə kliniki və elmi yanaşmalar” sessiyasında (moderatorlar: professor Fariz Camalov və professor Rauf Nağıyev) “Qaraciyər və dalağın sistlərinin laparoskopik müalicəsində təcrübəmiz” (professor Elçin Ağayev) və “Böyrək transplantasiyasının sərhədləri: mürəkkəb kliniki halların təhlili” (t.e.d Rəşad Şolan), “Estetikdən rekonstruksiyaya - plastik cərrahiyyənin sərhədləri” adlı III sessiyada (moderatorlar professor Vaqif Qələndər və Adil Cümşüdov) isə “Müxtəlif bərpa və kosmetik əməliyyatların müasir üsullarının istifadəsində klinik təcrübələrimiz” (professor Vaqif Qələndər), “Qabırğa qığırdağı grefti ilə revizion rinoplastika” (Vüqar Ələkbərov) və “Aşağı ətrafların rekonstruktiv əməliyyatlarında mikrocərrahi təcrübələrimiz” (Adil Cümşüdov) mövzularında məruzələr təqdim edilib. Sessiya çərçivəsində ölkəmizin nüfuzlu mütəxəssislərinin çıxışları dinlənilib.
Konfransın panel iclaslarında TEC üzvləri və müxtəlif klinik bazalardan dəvət olunmuş rezidentlər də aktual mövzularda çıxışlar ediblər. Dosent İlhamə Mustafayeva və dosent Elman Əzimovun moderatorluğu ilə keçirilən sessiyada “Laparoskopik öd kisəsi əməliyyatları zamanı müşahidə olunan qanaxmalar” (Yusif Həsənov, ATU, cərrahiyyə, IV kurs) və “Dil xərçəngi zamanı onkofunksional cərrahiyyə: DOI-stratifikasiyası, boyun limfodisseksiyası və rekonstruktiv həllər” (Gülnar Nəbiyeva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialı, onkologiya, III kurs) və digər mövzularda maraqlı təqdimatlar olub. Bütövlükdə bütün panel sessiyalarında tələbələrin və müəllimlərin fəal iştirakı ilə geniş elmi müzakirələr aparılıb.
Bundan əlavə, konfrans çərçivəsində cərrahi kurslar təşkil olunub. Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev bildirib ki, kafedra tərəfindən “Flexible və Rigid Ureterorenoscopy” kursunun təşkil olunmasında əsas məqsəd gənc həkimlərimizin və rezidentlərimizin ən müasir cərrahi üsullara daha yaxından yiyələnməsinə töhfə verməkdir.
I Cərrahi xəstəliklər kafedrasının dosenti Azər Hümbətov “Qalxanabənzər vəz düyünlərinin incə iynə aspirasion biopsiya və mikrodalğa ablyasiyası” kursunun nəzəri hissəsində biopsiya və mikrodalğa ablyasiyasına göstəriş, əks göstəriş və aparılma texnikasını izah edib. İkinci praktik hissədə isə bu prosedur maket və mulyaj üzərində yerinə yetirilib.
Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsinin müdiri, Ümumi cərrahiyyə kafedrasının assistenti Adil Cümşüdovun “Endoskopik üzgərmə əməliyyatı” isə əməliyyatxanadan birbaşa yayımlanıb və iştirakçılar tərəfindən maraqla izlənilib.