Çikaqo Kollecinin professoru ATU-da mühazirə oxuyub

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq elmi əlaqələrini genişləndirməkdə davam edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Çikaqo Dövlət Universitetinin (Chicago State University) Sağlamlıq Elmləri və Əczaçılıq Kollecinin (College of Health Sciences and Pharmacy) professoru, MD, PhD Nadeem Fazal ATU-nun qonağı olub.

Səfər çərçivəsində professor Nadeem Fazal Sitologiya, embriologiya və histologiya kafedrasının müəllim və tələbə heyəti ilə görüşərək, müasir tibbi elmlərin inkişaf istiqamətləri və biotibbi tədqiqatların aktual mövzuları haqqında mühazirə oxuyub. Mühazirə zamanı o, ABŞ-da səhiyyə təhsilinin modeli, multidissiplinar yanaşmanın əhəmiyyəti, həmçinin elmi araşdırmalarda innovativ metodların tətbiqi barədə təcrübəsini bölüşüb.

Tələbələr və müəllimlər tərəfindən böyük maraqla qarşılanan çıxışda, hüceyrə biologiyası və regenerativ tibb sahəsində aparılan son tədqiqatlara da toxunulub. Mühazirə sonunda iştirakçılar professorla fikir mübadiləsi apararaq, mövzu üzrə suallarını ünvanlayıblar.

Görüş çərçivəsində həmçinin ATU-nun elmi-tədqiqat potensialı, laboratoriya imkanları və tədris sistemi barədə məlumat verilib. Tərəflər birgə elmi layihələrin, müəllim-tələbə mübadilə proqramlarının həyata keçirilməsi və gələcəkdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Professor Nadeem Fazal ATU-da yaradılmış şərait və elmi mühitdən məmnunluğunu ifadə edərək, gələcəkdə qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.