ATU-nun professoru beynəlxalq konqresdə diplomla təltif olunub

Bu günlərdə “Sankt-Peterburqda Revmatologiya Günləri” mövzusunda XXV Ümumrusiya Yubiley Konqresi keçirilib

 Dünyanın aparıcı revmatoloqları, eləcə də müxtəlif ölkələrin elmi-tibbi ictimaiyyətinin nümayəndələrinin qatıldığı konqresə tanınmış akademiklər O.Drapkina, S.Sayqanov, V.Mazurov və Y.Nasonov həmsədrlik ediblər.

Tədbirin açılış mərasimində ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının professoru Nadir Hüseynov çıxış edərək böyük rus alimi, akademik V.Nasonovanın Azərbaycanda revmatologiyanın inkişafındakı mühüm roluna toxunub. O, akademikin zəngin elmi irsinin regionda kliniki revmatologiyanın tərəqqisi üçün möhkəm elmi baza yaratdığını bildirib.

Konqresin ikinci günü professor “Naftalan terapiyasının osteoartritli xəstələrin həyat keyfiyyətinə təsiri” mövzusunda plenar sessiyada məruzə ilə çıxış edərək, respublikamızın təbii və əvəzolunmaz sərvəti olan Naftalan neftinin revmatoloji xəstəliklərin kompleks müalicə və reabilitasiyasında yüksək terapevtik təsirə malik olduğunu konqres iştirakçılarının diqqətinə çatdırıb.

Rusiya Revmatoloqlar Assosiasiyası ilə sıx elmi fəaliyyətinə və rəhbərlik etdiyi tədqiqatların yüksək qiymətləndirilməsinə görə professor N.Hüseynov konqresin Təşkilat Komitəsi tərəfindən diplomla təltif olunub.