Zəfər Günü münasibəti ilə universitetimizin rəhbərliyi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə şəhid ailələrinin üzvü olan tələbələrlə görüş keçirilib
Tədbiri Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov açaraq, tələbələri 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edib. O, universitetin rektoru, professor Gəray Gəraybəylinin təbrik və salamlarını çatdıraraq, bu möhtəşəm bayramın xalqımıza daim sevinc, qürur və birlik hissi bəxş etməsini arzulayıb: “Biz bu gün Zəfərimizi qeyd etməklə yanaşı, həm də onun memarları olan qəhrəmanlarımızın, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anırıq.
Əziz tələbələr, siz bizim ən dəyərli sərvətimiz, xalqımızın gələcəyisiniz. Sizinlə qürur duyuruq və hər zaman yanınızdayıq. Bu, bizim mənəvi borcumuzdur. Universitet rəhbərliyi, müəllimlər və tələbə təşkilatları hər zaman sizin təhsilinizə, inkişafınıza və gələcəyinizə dəstək olmağa hazırdır”.
Prorektor tədbirin təşkilatçılarından olan Tibbi və bioloji fizika kafedrasının professoru, universitet üzrə Qızıl Aypara Cəmiyyətinin sədri Hüseyn Abıyevə xüsusi təşəkkürünü bildirib: “Hüseyn müəllim bayram münasibətilə şəhid ailə üzvlərinə maddi və mənəvi dəstək göstərmək məqsədilə mükafat fondu ayırıb. Eyni zamanda, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da bu nəcib təşəbbüsə qoşulub, tələbələr üçün əlavə maliyyə yardımı nəzərdə tutub.
Bu diqqət və qayğı, bir daha universitet ailəmizin həmrəyliyini, humanist ruhunu nümayiş etdirir”.
Professor Hüseyn Abıyev çıxışında bildirib ki, bizim borcumuz yalnız qələbəni qeyd etmək deyil, həm də onu elm, bilik və zəka meydanında davam etdirməkdir: “Biz döyüş meydanında qalib gəlmişik. Elm, diplomatiya və inkişaf sahəsində də həmişə qalib gəlməliyik. Azərbaycanın səsini dünya tribunalarından eşitdirmək üçün siz gənclər, gələcəyin alimləri və həkimləri bu yolda daha çox çalışmalısınız. Əminəm ki, indi bu auditoriyada oturan gənclərin səsi, əməli və nailiyyətləri gələcəkdə Azərbaycan adını dünya miqyasında daha da ucaldacaq”.
Sonra I Müalicə-profilaktika fakültəsinin dekanı Elşad Novruzov, İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, Stomatologiya fakültəsinin dekan müavini Aysel Həşimova, THİK-in sədri Qoşqar İsmayılov da tələbələri təbrik edərək, xoş arzularını çatdırıblar.
Tədbirin sonunda hədiyyələr prorektor M.Səfərov tərəfindən tələbələrə təqdim olunub.