Son vaxtlar ölkə ərazisində iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması müşahidə edilir
Dabaq xəstəliyi heyvanlar arasında geniş yayılsa da, insanlar arasında çox az rast gəlinən zoonoz infeksiyadır. Azərbaycanda son 30 ildə insanlar arasında dabaq xəstəliyi müşahidə edilməyib.
Dabaq ağızın selikli qişasının, əllərin və ayaqların dərisinin vezikulyoz-erroziv zədələnməsi ilə gedən virus mənşəli zoonoz infeksiyadır. Xəstəliyin törədicisi Picarnaviridae ailəsinə, Pinovirus cinsinə daxil olan virusdur. Virusun müxtəlif serotipləri (A, D, S, AT1, AT2, AT3 və s.) məlumdur. Bütün serotiplər eyni kliniki mənzərə törədir.
Dabaq əsəsən qoşadırnaqlı (qoyun, keçi, donuz, inək) heyvanlarda xəstəlik törədərək, heyvanların ağızlarında, dırnaqlarının arasında və süd vəzisində suluqlar əmələ gətirir. Suluqlar deşilərək xoraya çevrilir. Heyvanlar yeməkdən imtina edir, ağızlarından çoxlu selik axır, dırnaqlar arasında yaralar əmələ gəlir. Heyvanlarda yüksək hərarətlə yanaşı, burun ətrafında qabarcıqlar da yaranır. Dabaq xəstəliyi heyvanlar arasında yüksək ölüm verir. Arıq və digər xəstəlikləri olan heyvanların yoluxma ehtimalı çox yüksəkdir. Buzovlarda ölüm riski yuxarıdır. Xəstəlik ət və ət məhsullarının azalması ilə nəticələn iqtisadi təhlükə yarada bilir.
İnsan çiy süd və süd məhsulları yedikdə, bəzən isə ətlə yoluxa bilər. Virus insana dəridən keçdikdə, həmçinin ağızın, gözün və burunun selikli qişasına düşdükdə xəstəlik törədir. O cümlədən virus insana hava-damcı yolu və heyvanın bioloji mayeləri ilə çirklənmiş əşyalara toxunduqda keçir.
Dabağa, əsasən heyvandarlıqla məşğul olan işçilər, bəzən isə laboratoriya işçiləri yoluxur. Dabaq insandan-insana keçmir. Xəstəliyin inkubasion dövrü 2-15 günə qədər çəkir. Dabağın dəri, selikli qişa və dəri-selikli qişa formaları mövcuddur.
Xəstəlik yüksək hərarət, əzələ və sümük ağrıları ilə qəflətən başlayır. Xəstəliyin ilk günü ağızda quruluq və göynəmə müşahidə edilir. Dildə, dodaqda, damaqda və yanağın selikli qişasında qızartı, ödem və suluqlar əmələ gəlir. 2-3 gündən sonra suluqlar deşilir, çox ağrılı xoralar əmələ gəlir. Suluqlar deşildikdən sonra yüksək temperatur ensə də, udma ağrılı olur, dil şişir, xəstə danışarkən çətinlik çəkir. Bəzi hallarda xəstələrdə sidik ifrazının çətinləşməsi və bağırsaqların disfunksiyası müşahidə edilir. Xəstənin ağızından gün ərizində 2-4 litr maye axır. Udma ilə yanaşı çeynəmə çətinləşir və ağrılı olur. Gözün, burunun, sidik yollarının selikli qişası zədələnir. Nadir hallarda səpgilər ağızın ətrafında, baldırda və ayağın altında müşahidə edilir. 4-5 gündən sonra ağızda xoralar sağalmağa başlayır, udma və çeynəmə zamanı ağrılar tədricən azalır.
Xəstəlik zamanı əl və ayaq barmaqları arasında vezikulyoz-erroziv zədələnmələr müşahidə edilir. Barmaqlar arasında xoralar sağaldıqdan sonra yerində çapıq əmələ gəlmir. Xəstələrin çoxunda periferik limfa düyünləri böyüyür, ağrılı olur.
Ağır formalarda vezikulyoz səpgilərlə yanaşı, hemorrogik səpgilər də müşahidə edilir. Səpgilərə boyunda, sinədə, əlin və ayağın altında, bəzən isə cinsiyyət üzvlərində rast gəlinir.
Uşaqlar xəstəliyi xüsusilə ağır keçirir. Uşaqlarda yüksək hərarətlə yanaşı, qastroenterit (qanlı-selikli nəcis), qaraciyər və dalağın böyüməsi, ağızda xoraların çox ağrılı olması müşahidə edilir. Bəzən yaşlı şəxslərdə və uşaqlarda ikincili infeksiyanın qoşulması nəticəsində sepsis, miokardit və pnevmoniya kimi ağırlaşmalar olur.
Xəstəlikdən sonra insanda tipospesifik immunitet formalaşır. Ölüm halı insanda nadir halda baş verir.
Dabağın diaqnozu klinik-epidemioloji və laborator müayinə üsullarına əsasən qoyulur. Xəstələr 14 gün müddətində hospitalizə edilir. Xəstəliyin etioloji müalicəsi olmadığı üçün, müalicə patogenetik və simptomatik aparılır.
Profilaktikasına heyvanlar arasında baytarlıq-sanitariya tədbirlərinin aparılması və vaksinasiya daxildir. İnsanlar xəstə heyvanla təmasdan çəkinməli, çiy və ya tam bişməmiş heyvan məhsullarından istifadə etməməlidirlər.
Vüqar Cavadzadə,
Yoluxucu xəstəliklər kafedrasının dosenti