Bizi izləyin:
Heydər Əliyev
Zalsburqda nadir genetik dəri xəstəliklərinə həsr olunmuş beynəlxalq elmi tədbir keçirilib

Zalsburqda nadir genetik dəri xəstəliklərinə həsr olunmuş beynəlxalq elmi tədbir keçirilib

Avstriyanın Zalsburq şəhərində yerləşən EB House Austria mərkəzində nadir genetik dəri xəstəliklərinə həsr olunmuş beynəlxalq elmi tədbir baş tutub. Tədbir Salzburger Landeskliniken (SALK) və Paracelsus Tibb Universitetinin (PMU) Dermatologiya və Allerqologiya Klinikası tərəfindən təşkil edilib.

Azərbaycanı tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov təmsil edib. Professor Mahmudov, eyni zamanda, Azərbaycan Respublikasında bullyoz epidermoliz və ixtioz üzrə Dövlət Komissiyasının sədri qismində bu sahədə uzunmüddətli elmi və kliniki fəaliyyət aparır.

Tədbir çərçivəsində iştirakçılar EB House Austria klinikasının fəaliyyəti, xəstələrin müalicə və reabilitasiya üsulları, eləcə də bullyoz epidermoliz kimi ağır irsi xəstəliklərin müalicə protokolları və yeni tədqiqat istiqamətləri ilə tanış olublar.

Müzakirələr zamanı Qazaxıstan, Özbəkistan, Polşa və Almaniyadan gəlmiş dermatoloqlar və tədqiqatçılar öz təcrübələrini bölüşüb, gələcək elmi əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Məlumat üçün bildirək ki, bullyoz epidermoliz dərinin və selikli qişaların kövrəkliyinə səbəb olan nadir və ağır irsi xəstəlikdir. Onun effektiv müalicəsi və idarə olunması müasir dermatologiyanın qarşısında duran mühüm elmi və sosial çağırışlardan biridir.

Paylaş

Dostlarınız ilə paylaşın.