Ümumdünya Şəkərli Diabetlə Mübarizə Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında (TTK) ödənişsiz aksiya keçirilir
ATU-nun II Daxili Xəstəliklər kafedrasının assistenti, endokrinoloq Könül İsmayılova bildirir ki, aksiyanın əsas məqsədi daha çox insana müayinə imkanı yaradaraq diabetin erkən aşkarlanmasına nail olmaqdır.
Onun sözlərinə görə, şəkərli diabetin bəzi əlamətləri uzun müddət hiss olunmaya bilər və bu da diaqnozun gec qoyulmasına gətirib çıxarır: “Yadda saxlamalıyıq ki, şəkərli diabetin əlamətləri hər zaman nəzərə çarpmaya bilər. Diaqnoz qoyulana qədər çox vaxt itirmiş oluruq. Buna görə insanlar mütəmadi olaraq müayinələrdən keçməlidirlər.”
Həkim həmçinin qan şəkərinin ölçülməsi ilə bağlı vacib məqamları qeyd edib: “Qan şəkəri acqarına, ən azı 10 saatlıq aclıqdan sonra ölçülməlidir. Şübhəli nəticələr olduqda isə ölçmə, ən azı iki dəfə, müxtəlif günlərdə təkrarlanmalıdır. Əgər dəqiq nəticə əldə etmək mümkün olmazsa, gizli diabeti aşkarlamaq üçün 3 aylıq şəkər səviyyəsini göstərən qlükohemoqlobin adlanan analizin aparılması zəruridir.”
Aksiya zamanı diabetli xəstələrdə rast gəlinən ağırlaşmalar da qiymətləndirilir. Xüsusilə taktil hissiyatın pozulması “kamerton” cihazı vasitəsilə yoxlanılır, həmçinin pasiyentlərin qan şəkərinin səviyyəsi ölçülür. Zərurət yaranan hallarda isə xəstələr əlavə laborator analizlər üçün müvafiq laboratoriyaya yönləndirilir.