Bizi izləyin:
Heydər Əliyev
Vaxtından Əvvəl Doğulmuşlar Günü münasibətilə tədbir keçirilib

Vaxtından Əvvəl Doğulmuşlar Günü münasibətilə tədbir keçirilib

17 noyabr Dünya Vaxtından Əvvəl Doğulmuşlar Günü münasibətilə Azərbaycan Tibb Universitetində tədbir keçirilib

Tədbirdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatal intensiv terapiya şöbəsinin müdiri, I Uşaq xəstəlikləri kafedrasının assistenti Sərxan Elbəyiyev çıxış edərək dünyada və Azərbaycanda prematür doğuşlarla bağlı vəziyyət barədə məlumat verib.

Həkim bildirib ki, 2008-ci ildən etibarən 17 noyabr bütün dünyada Vaxtından Əvvəl Doğulmuşlar Günü kimi qeyd olunur və məqsəd prematür doğuşların riskləri barədə ictimaiyyəti maarifləndirməkdir. Hamiləliyin 37-ci həftəsinədək doğulan körpələr prematür sayılır və hər il dünyada təxminən 15 milyon uşaq belə anadan olur. Onların təxminən 1 milyonu isə 5 yaşına çatmadan həyatını itirir. O, klinikanın 2023-2025-ci illəri əhatə edən statistikasını da təqdim edib. Belə ki, 35-37 həftəlik 650 körpədən yalnız biri, 28-34 həftəlik 103 körpədən 13-ü, 28 həftədən aşağı doğulan 25 körpədən isə 17-si həyatını itirib. Həkimin sözlərinə görə, nəticələr dünya üzrə orta göstəricilərdən yaxşı olsa da, neonatal xidmətlərin təkmilləşdirilməsinə ehtiyac var.

S.Elbəyiyev vurğulayıb ki, vaxtından əvvəl doğuşa səbəb olan başlıca risk faktorları əvvəlki yarımçıq doğuş, şəkərli diabet, siqaret və alkoqol istifadəsi, eləcə də qeyri-düzgün qidalanmadır. Mütəxəssis qeyd edib ki, prematür körpələrdə tənəffüs çatışmazlığı, ürək-damar problemləri, mədə-bağırsaq xəstəlikləri və anemiya kimi qısa müddətli fəsadlara daha çox rast gəlinir. Uzun müddətli risklərə isə, görmə və eşitmə problemləri, serebral iflic, infeksiyalara meyillilik və inkişaf geriliyi daxildir.

O bildirib ki, vaxtından əvvəl doğuşun qarşısının alınmasının əsas yolu gücləndirilmiş antenatal nəzarətdir və hamilələrin mütəmadi müayinəsi, vaxtında ultrasəs yoxlamaları və sağlam həyat tərzi bu riskləri əhəmiyyətli dərəcədə azaldır: “Prematür körpənin sadəcə sağ qalması kifayət deyil. Biz onun gələcəkdə əlillik riski daşımaması üçün bütün mümkün fəsadların qarşısını almalıyıq”.

Sərxan Elbəyiyev çıxışını bu sözlərlə bitirib: “İnsandan başqa heç bir canlı yarımçıq doğulmur. Biz neonatoloqlar bəzən həqiqətən insanüstü işlər görürük. Amma unutmamalıyıq ki, bizim ən böyük dayağımız ginekoloqlardır və düzgün antenatal baxım olmadan bu uğurlara nail olmaq mümkün deyil. Bu prosesdə əmək verən hər kəsə təşəkkür edirəm”.

Tədbirdə universitet və klinikanın əməkdaşları, həkimlər və rezidentlər iştirak edib.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.